...

"Azadlıq"qəzetinin həbsdə olan jurnalisti də aclığa başlayacaq

Cəmiyyət Materials 2 Aprel 2008 16:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 aprel / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycanda mətbuat nümayəndələrinin həbsinə etiraz olaraq başlamış aksiyaya "Azadlıq" qəzetinin həbsdə olan jurnalisti də qatılacaq.

Məhkum Mirzə Sakitin xanımı Rəna Zahidova çərşənbə günü Trend a bildirib ki, onunla cəza çəkdiyi müəssisədə görüşüb.

Zahidova Sakitin sabahdan jurnalistlərin aclıq aksiyasına dəstək məqsədilə aksiyaya başlayacağını bildirib.

12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan "Gündəlik Azərbaycan" və "Realnıy Azərbaycan"qəzetlərinin baş redaktoru Eynulla Fətullayev martın 26-dan həbsdə aclığa başlayıb. Baş redaktor işinə ədalətli və qərəzsiz baxılmasını, həbsdə olan həmkarlarının azadlığa çıxmasını tələb edir, Avropa Şurası və ATƏT-in siyasi məhbus məsələsində konkret müdafiə mexanizmləri ortaya qoymasını istəyir. Fətullayevə dəstək məqsədilə yeddinci gündür ki, "Yeni Müsavat" qəzetinin redaksiyasında "Gündəlik Azərbaycan" qəzetinin şef-redaktoru Şahvələd Çobanoğlu, "Yeni Müsavat" qəzetinin redaktoru Zahid Səfəroğlu və qəzetin əməkdaşı Elşən Balaxanlı, "Yeni Müsavat" qəzetinin əməkdaşı Zamin Hacı və başqaları açılıq aksiyası keçirirlər.

Məhkumun xanımı bildirib ki, Sakitin səhətində ciddi problemlər var. Zahidova həyat yoldaşının əsəblərinin pozulduğunu, ayaqlarının tutulduğunu və ürək ağrılarının kəskinləşdiyini deyib.

Sakit məhkəmənin hökmü ilə narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilinərək, 3 il azadlıqdan məhrum edilib.

Ədliyyə Nazirliyinin Penitensiar xidmətindən isə bildirilib ki, Sakit və qardaşı "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid aclığa başlaması ilə bağlı müəssisə rəhbərliyinə rəsmi müraciət etməyib.

Xuliqanlıqda ittiham olunaraq 4 il iş almış Qənimət Zahid də aksiya iştirakçılarına dəstək məqsədilə aprelin 1-dən aclığa başlayıb.

Azərbaycanda peşə fəaliyyəti ilə bağlı üç jurnalist məhkum olunub.

Məqalənin  müəllifi ilə [email protected] ünvanı  ilə əlaqə saxlaya bilərsiniz

Xəbər lenti

Xəbər lenti