...

Azərbaycanda "İnzibati icraat haqqında" qanunun müzakirələri aparılır

Cəmiyyət Materials 3 Aprel 2009 12:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 aprel / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycanda gələn ildən qüvvəyə minəcək "İnzibati icraat haqqında" qanununun müzakirələri aparılır.

Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) "Azərbaycanda məhkəmə və hüquq islahatlarının dəstəklənməsi" layihəsi və Azərbaycan Hüquqşünasları Konfederasiyası ilə birlikdə təşkil olunan müzakirələrdə ictimaiyyət və hüquqşünaslar Azərbaycan üçün yeni olan sahə üzrə maarifləndirilir.

GTZ-dən cümə günü Trend -a verilən məlumata görə, aprelin 3 və 4-də vəkil və hüquqşunaslar üçün "Azərbaycan Respublikasının məhkəmələrində vicdanlı əldəetmə institutunun tətbiqinin problemləri" və "Azərbaycanda yeni inzibatı hüquqa giriş" mövzularında seminar keçiriləcək. 

"İnzibati icraat haqqında" qanun Azərbaycanın qanunvericilik təcrübəsində ilk dəfə olaraq dövlət hakimiyyəti orqanları ilə münasibətlərdə vətəndaşların hüquqlarının müdaifəsini özündə ehtiva edir. Qanun vətəndaşların şikayət və müraciətlərinə baxan dövlət orqanlarınin öhdəlik və məsuliyyətini müəyyən edir, fiziki və hüquqi şəxslərə hüquqi yardım göstərilməsindən imtina edilməsini inzibati orqanlara qadağa qoyur, hamının qanun və inzibati orqan qarşısında bərabərliyi təsbit edir.

"İnzibati icraat haqqında" qanunun 2010-cu ilin yanvarın 1-dən qüvvəyə minməsi gözlənir. Bu vaxta kimi Milli Məclisdə iki oxunuş keçmiş qanunun tətbiqi zamanı yaranan mübahisələri tənzimləyən İnzibati Prosessual Məcəllə qəbul ediləcək. Hazırda inzibati mübahisələrə aid olan işlər üzrə ədalət mühakiməsini həyata keçirən hakimlərin hazırlanması gedir. GTZ isə dövlət idarələrinin əməkdaşları arasında məlumatlandırma və izahat işləri aparır.

Aprelin 1-də İTV-in "İşgüzar zaman: hüquq müstəvisində" verilişində qanunun müzakirəsi keçirilib.

Müzakirələrdə Milli Məclisin İnzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini Səyyad Kərimov, şöbənin baş müşaviri İlqar Cəfərov, vəkil Elçin Usub iştirak ediblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti