...

Azərbaycanın Təhsil Nazirliyi ilə Azad Həmkarlar İttifaqları arasında kollektiv saziş imzalanıb

Cəmiyyət Materials 5 İyul 2010 12:19 (UTC +04:00)
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqları Respublika Komitəsi (ATİAHİ) ilə Təhsil Nazirliyi arasında 2010-2013-cü illər üçün kollektiv saziş imzalanıb.
Azərbaycanın Təhsil Nazirliyi ilə Azad Həmkarlar İttifaqları arasında  kollektiv saziş imzalanıb

Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqları Respublika Komitəsi (ATİAHİ) ilə Təhsil Nazirliyi arasında 2010-2013-cü illər üçün kollektiv saziş imzalanıb. Trend-in məlumatına görə, imzalanma mərasimi bazar ertəsi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında baş tutub. Müqaviləni ATİAHİ sədri, millət vəkili Səttar Mehbalıyev və təhsil naziri Misir Mərdanov imzalayıb.

Mehbalıyev bildirib ki, Azərbaycan qanunvericiliyinə uyğun olaraq, təhsil işçiləri üçün zəruri əmək, sosialı-iqtisadi şəraitin yaradılması, təhsil müəssisələrinin, təşkilatların stabil fəaliyyətini təmin etmək məqsədilə 1998-ci ildən başlayaraq, ATİAHİ ilə Təhsil Nazirliyi arasında kollektiv saziş imzalanır.

"Bu saziş təhsil sahəsində münasibətlərin tənzimlənmə prinsiplərini müəyyən edən hüquqi sənəd olmaqla, təhsil işçilərinin əmək haqqı, əmək zəmanətləri və imtiyazlarını da müəyyən edir. Sazişin şərtləri təhsil işçilərinin və tələbələrin əmək, sosial-iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsinə yönəlib və bu məsələlərin həllində sosial əməkdaşlıq prinsipləri əsas götürülüb", - Mehbalıyev əlavə edib.

Təhsil naziri M. Mərdanov müqavilənin əhəmiyyətindən danışıb.

"Bu tədbir, sadəcə, kağıza qol çəkmək deyil. Bunun nəticəsi olaraq, biz müəllimlərin işə götürülmələri, işdən çıxarılmaları, mükafatlandırılmaları və digər məsələlərlə bağlı həmkarlar ittifaqları ilə məsləhətləşirik", - Mərdanov bildirib.

Xəbər lenti

Xəbər lenti