...

Azərbaycan gimnastları Yunanıstanda Dünya Kubokunda iştirak ediblər

Cəmiyyət Materials 18 Aprel 2011 13:48 (UTC +04:00)
Yunanıstanın Kalamata şəhərində bədii gimnastika üzrə Dünya Kubokunun növbəti mərhələsi başa çatıb.
Azərbaycan gimnastları Yunanıstanda Dünya Kubokunda iştirak ediblər

Azərbaycan, Bakı, 18 aprel /Trend/

Yunanıstanın Kalamata şəhərində bədii gimnastika üzrə Dünya Kubokunun növbəti mərhələsi başa çatıb. Yarışda Aliyə Qarayeva, Zeynəb Cavadlı və Azərbaycanın qrup komandası iştirak edib.
Yığmanın lideri Aliyə Qarayeva yarışın bütün finallarında iştirak edib və ən yaxşı nəticəni halqa ilə hərəkətlərdə göstərərək, 27,6 balla dördüncü yeri tutub. O, bürünc medal qazanan rusiyalı Darya Kondakovadan cüzi fərqlə geri qalıb. Bu barədə Trend-ə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Aliyə çoxnövçülükdə çıxışın nəticələrinə görə də dördüncü yeri tutaraq, iki Rusiyalı gimnast - Darya Dmitreva və Kondakova, eləcə də Belarus idmançısı Lyubov Çarkişinadan geri qalıb.
Digər növlərdə Qarayeva gürzlə və lentlə səkkizinci, topla hərəkətlərdə isə doqquzuncu olub. Qaliblər isə Kondakova (top və lent) və Çarkişina (halqa), eləcə də Bolqarıstan gimnastı Silviya Miteva (gürz) olub.

Digər Azərbaycan gimnastı Zeynəb Cavadlı çoxnövçülükdə 36 iştirakçı arasında 14-cü yeri tutub.

Azərbaycanın qrup komandasına gəldikdə, ikinövçülüyün yekunlarına görə Ceyla Quliyeva, Sabinə Abbasova, Anastasiya Prasolova, Aelita Xələfova, Stefani Trayanova və Yevgeniya Jidkovadan ibarət komanda topla hərəkətlərdə finala çıxıblar və dördüncü yeri tutublar. Qələbəni İsrail komandası qazanıb, ikinci yerə bolqarıstanlılar, üçüncü yerə fransız idmançılar çıxıblar.

Qarşıda Dünya Kubokunun Nijni Novqorodda keçiriləcək növbəti mərhələsi (21-24 aprel) və bu həftənin sonunda Minskdə təşkil ediləcək yeniyetmələr arasında beynəlxalq turnir var. Turnirdə üç gimnastımız - Gülsüm Şəfizadə, Ləman Dadaşlı (hər ikisi 1998-ci il təvəllüdlü) və Ləman Hacızadə (1999) çıxış edəcəklər.

Xəbər lenti

Xəbər lenti