...

"Akkord" Korporasiyasının sponsorluq etdiyi "Qızıl Əlcək" klubu Azərbaycan kuboku qazanıb (FOTO)

Cəmiyyət Materials 9 Avqust 2011 10:54 (UTC +04:00)
"Akkord" Korporasiyasının sponsorluq etdiyi "Qızıl Əlcək" İdman Klubu Azərbaycan Kubokunun sahibi olub
"Akkord" Korporasiyasının sponsorluq etdiyi "Qızıl Əlcək" klubu
Azərbaycan kuboku qazanıb (FOTO)

Azərbaycan, Bakı, 9 avqust /Trend/

"Akkord" Korporasiyasının sponsorluq etdiyi "Qızıl Əlcək" İdman Klubu
Azərbaycan Kubokunun sahibi olub.

Avqustun 5-7-də Respublika Gənclər və İdman Nazirliyi Azərbaycan Kikboksinq Federasiyasının təşkilatçılığı ilə İsmayıllı şəhərindəki Olimpiya İdman Kompleksində gənclər və kişilər arasında Kikboksinq üzrə I Azərbaycan Kuboku uğrunda çempionat keçirilib.

"Akkord"dan çərşənbə axşamı Trend-ə bildiriblər ki, çempionat bu il sentyabrın 2-8-də İtaliyada keçiriləcək Kikboksinq üzrə Avropa çempionatında iştirak edəcək milli komandanın tərkibinin müəyyənləşdirilməsi məqsədi daşıyıb. Çempionatda Bakı və regionlardan 25 komanda iştirak edib. Müxtəlif komandaların tərkibində kikboksinq üzrə Avropa və dünya çempionlarının qatıldığı yarışda "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası"nın sponsorluq etdiyi "Qızıl Əlcək" İdman Klubunun 8 nəfərlik komandası da çıxış edib. Gərgin idman mübarizəsi şəraitində keçən çempionat "Qızıl Əlcək" klubunun komandası üçün uğurlu olub. Komandanın 7 üzvü - gənclər arasında İsmayıl Əliyev (48 kq), Rəhim Əliyev (63,5 kq), Orxan Qədimov (67 kq), kişilər arasında Məhəmməd Nəsirov (67 kq), Zaur Ramazanov (71 kq), Vaqif Bəhlulzadə (75 kq), Anar Səttarzadə (86 kq) qızıl, Nicat Rəhimov (60 kq) isə, bürünc medal qazanıblar.

Komanda hesabında 7 qızıl və 1 bürünc medalla "Qızıl Əlcək" İdman Klubu bu çempionatın mütləq qalibi olaraq Azərbaycan Kubokuna sahib çıxıb. Yarışda komandanın üzvləri Zaur Ramazanovun yarımfinal və Məhəmməd Nəsirovun final görüşləri xüsusilə yaddaqalan olub.

Ramazanov yarımfinal döyüşündə Balakən komandasının tərkibində çıxış edən dünya çempionu M.Uruxanovu iki dəfə nokdauna salaraq görüşü qələbə ilə başa çatdırıb. Məhəmməd Nəsirov isə, final döyüşündə yenə də Balakən komandasının heyətində çıxış edən dünya çempionu Şahan Şərifovu nokautla məğlub edib.

Qeyd edək ki, "Qızıl Əlcək" İdman Klubunun komandasını bu yarışa klubun baş məşqçisi, boks üzrə Azərbaycanın əməkdar məşqçisi və kikboksinq üzrə dünya çempionu Rəhim Allahverdiyev hazırlayıb. Xüsusi olaraq qeyd edək ki, komandanın 4 üzvü - Zaur Ramazanov, Məhəmməd Nəsirov, Vaqif Bəhlulzadə, Anar Səttarzadə həm də "Akkord" Korporasiyasının əməkdaşlarıdır.

Çempionatda əldə edilən qalibiyyətlə İtaliyada keçirilən Avropa çempionatında iştirak hüququ əldə edən idmançıların baş məşqçisi R.Allahverdiyev çempionatdan sonra müsahibə verərək "Qızıl Əlcək" klubunun komandasına göstərdiyi sponsorluq dəstəyinə görə, "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası"ının rəhbərliyinə minnətdarlığını bildirib. Baş məşqçi "Akkord"un dəstəyi ilə məşqlərin intensivliyini daha da artıraraq qarşıdan gələn nüfuzlu çempionatda yeni qələbələrə imza atacaqlarına əmin olduğunu bildirib.

"Qızıl Əlcək" İdman Klubu 1998-ci ildə yaradılıb. Klub idmanın olimpiya və qeyri-olimpiya növləri üzrə (boks, güləş, karate, kikboksinq, uşu, taekvondo, cudo) fəaliyyət göstərir. Bu illər ərzində Klub Respublikamızda bütün dövlət tədbirlərində fəal iştirak edib. 2008-ci ildən isə Respublikamızda Umummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilən beynəlxalq turnirlərin təşkilatçısıdır. Hazırda klubda 350-dən artıq gənc müxtəlif idman növlərinin sirlərini öyrənir. İdmançılar yığma komandanın tərkibində ölkəmizi təmsil edərək Avropa və Dünya çempionatlarında böyük uğurlar qazanıb. Klub üzvlərindən 1 nəfər boks üzrə, 5 nəfər kikboksinq üzrə Dünya çempionu, 4 nəfər Avropa çempionu, 8 nəfər Asiya çempionu, 15 nəfər Avroasiya çempionu titulunu qazanıb. Eyni zamanda 10 idmançı boks, 40 idmançı isə kikboksinq üzrə beynalxalq turnirlərin qalibi olub.

2010-cu ildə Klubun üzvü Şaban Şahpələngov Bakıda keçirilən Boks Üzrə Gənclər Arasında Dünya Çempionatında qızıl medala layıq görülməklə bərabər Beynəlxalq Boks Assosiasiyasının (AİBA) "2010-cu ilin ən gənc və ən yaxşı boksçusu" adına layiq görülmüşdür.

Fəaliyyətdə olduğu illər ərzində İdman Klubunda 4 Beynəlxalq Dərəcəli idman ustası, 10 idman ustası, boks üzrə Azərbaycanın əməkdar məşqçısi yetişmişdir.

Xəbər lenti

Xəbər lenti