...

Bəxtiyar Sadıqov: Azərbaycanda bəzi qəzetlər şər və böhtanı "siyasi mübarizə vasitəsi" kimi seçiblər

Cəmiyyət Materials 7 Sentyabr 2011 17:15 (UTC +04:00)
Azərbaycanda bəzi qəzetlər şər və böhtanı "siyasi mübarizə vasitəsi" kimi seçiblər.
Bəxtiyar Sadıqov: Azərbaycanda bəzi qəzetlər şər və böhtanı "siyasi mübarizə vasitəsi" kimi seçiblər

Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda bəzi qəzetlər şər və böhtanı "siyasi mübarizə vasitəsi" kimi seçiblər. Bu barədə çərşənbə günü Trend-ə Mətbuat Şurasının İdarə Heyətinin üzvü, "Azərbaycan" qəzetinin baş redaktoru və millət vəkili Bəxtiyar Sadıqov bildirib.

Onun sözlərinə görə, qəzetlərin bu cür hərəkətləri ictimaiyyətin mətbuata inamını azaldıb.

"Təəssüf ki, Azərbaycanda mətbuata inam əhəmiyyətli dərəcədə azalıb. Bunun bir səbəbi "reket jurnalistika" və "reket qəzet"lərin yaranmasıdır. Həmin qəzetlər öz fərdi, korporativ maraqlarını əsas tutaraq insanları nəyəsə vadar etmək, öz istədiklərini onlardan "qoparmaq" üçün şərə əl atırlar. Onlar haqqında müxtəlif şayiələr yayırlar, sistemli şəkildə bu işlə məşğul olurlar", - Sadıqov əlavə edib.

O, Azərbaycanın balaca ölkə olduğunu və burada demək olar ki, hamının bir-birini tanıdığını deyib.

"Azərbaycan çox da böyük ölkə deyil. Burada demək olar ki, hamı bir-birini tanıyır. İnsanlar bilirlər ki, bu qəzetin niyyəti, məqsədi nədir və bu cür yazıları yazanlar necə insanlardır. Yazdıqları nə dərəcədə həqiqətə uyğundur", - millət vəkili vurğulayıb.

Sadıqov bir sıra müxalifət qəzetlərinin fəaliyyətinə də toxunub.

"Bir sıra müxalifət qəzetləri var ki, artıq bunlar müxtəlif dövlət məmurları haqqında qərəzli material verməyi sistem şəklinə salıblar, yeri gəldi-gəlmədi, fakt mövcud oldu-olmadı yazırlar. Onlar nəinki insanları hədəf seçiblər, əslində heç qəzetçiliklə bir araya sığmayan metodları çəkinmədən tətbiq edirlər və beləliklə, istər-istəməz insanları özlərindən şübhəli vəziyyətə gətirirlər. İnsanlar bu qəzetlərin yazdığı digər materiallara da şübhə ilə yanaşmağa başlayır", - millət vəkili bildirib və əlavə edib ki, qəzetlərin bu cür fəaliyyətlərindən uduzan mətbuatdır.

"Bu kimi hallar qəzet bazarının miskin vəziyyətə düşməyinə gətirib çıxarıb. Tirajlar həddən artıq aşağıdır, abunə yoxdur, qəzetlərə reklam vermək istəyən yoxdur", - o qeyd edib.

Xəbər lenti

Xəbər lenti