Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir İ.İsabalayeva/
Bu ilin dekabrında Şimali Kiprin Qazimağusa şəhərində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutu və Doğu Akdeniz (Şərqi Aralıq dənizi) Universitetinin birgə təşkilatçılığı ilə "Ortaq türk keçmişindən ortaq türk gələcəyinə" mövzusunda VII beynəlxalq folklor konfransı keçiriləcək.
Akademiyadan bazar ertəsi Trend-ə verilən məlumata görə, bu konfrans 2003-cü ildən etibarən ardıcıl olaraq təşkil olunur. Konfransın əsas məqsədi türk xalqları arasındakı tarixi əlaqələri bir daha nümayiş etdirmək, Avrasiyada baş verən hadisələrin mədəniyyətimizdəki və folklorumuzdakı təsirini elmi baxımdan araşdırmaq, bu araşdırmaların nəticəsində əldə olunan yeni bilgi, açıqlama, nəticələri türk və dünya alimlərinin nəzərinə çatdırmaqdır.
Bu il keçiriləcək konfrans "Türk nağılları: dil, mədəniyyət və dəyərlər" mövzusuna həsr olunacaq. Konfransa türk xalqlarının folkloru və folklorşünaslığın aktual problemlərini araşdıran mütəxəssislər, tədqiqatçılar qatılacaqlar.