...

2 aprel məhbuslarının məhkəməsi tərəflərin çıxışı ilə davam edib

Cəmiyyət Materials 28 Sentyabr 2011 16:33 (UTC +04:00)
2 aprel məhbuslarının məhkəməsi tərəflərin çıxışı ilə davam edib.
2 aprel məhbuslarının məhkəməsi tərəflərin çıxışı ilə davam edib

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir T.Hacıyev/

2 aprel məhbuslarının (Arif Hacılı, Tural Abbaslı, Fuad Qəhrəmanlı, Məhəmməd Məcildli) çərşənbə günü keçirilən məhkəmə iclası tərəflərin çıxışı ilə davam edib.

Trend-in məlumatına görə, prokuror çıxışında bildirib ki, prosessual qanunun 340-cı maddəsinə əsasən, tərəf çıxışında məhkəmədə tədqiq edilməmiş sübutlara istinad edə bilməz. Ona görə də Tural Abbaslının müdafiəçisi Yavər Hüseynin ötən iclasda çıxışında bu iş üzrə keçməyən şəxslərin dediklərinə istinad etməsi düzgün deyil.

Dövlət ittihamçısı replika hüququnda tərəfə çatdırıb ki, prosessual qanunvericiliyə əsasən çıxışlarda məhkəmədə baxılan ittihama aid olmayan hallara toxunmaq qanunsuzdur.

Daha sonra vəkil qanunda prokurorun cəza tələbi nəzərdə tutulmadığı halda ən yüksək həddə cəza istədiyini söyləyib.

Məlum olub ki, prosessual qanunun 38.2-ci maddəsinə əsasən, dövlət ittihamçısı təqsirləndirilən şəxsə layiqli cəza tələb edə bilər.

Digər müdafiəçi Kərimli çıxışında videogörüntülərdəki iki avtovusun hərəkət etdiyini, polis əməkdaşlarının ərizəsi olmadan ekspertizadan hospitalda keçirilib zərərçəkmiş kimi tanındıqlarını bildirib.

Prokuror izah edib ki, iki avtovusun hərəkət etməsi nəqliyyatın normal fəaliyyətinin pozulmaması demək deyil və törədilən əməl ictimai ittiham olduğundan ərizə əsasında deyil, fakta görə prokuror tərəfindən başlanıb. Qanunda zərərçəkmiş şəxs kimi tanınmaq üçün ərizə tələb olunmur. "Zərərçəkmiş şəxslər hospitalda ekspert müayinəsindən keçib və ekspertiza müvafiq qurum tərəfindən aparılıb", - dövlət ittihamçısı bildirib.

Təqsirləndirilənlər replika hüququndan istifadə edərkən əsasən prokurorun çıxışı ilə bağlı heç bir əks arqument irəli sürə bilməyiblər.

Abbaslı və Məcidli isə replika hüququndan sui-istifadə edib siyasi çıxış etmək istəsə də, hakim tərəfindən çıxış dayandırılıb.

Təqsirləndirilənlər son sözə vaxt istədiyindən məhkəmə iclası sentyabrın 30-da saat 10:30-a təxirə salınıb.

Xəbər lenti

Xəbər lenti