...

"Eurovision-2012" müsabiqəsi zamanı Azərbaycanda rabitə xidmətlərinin dayanıqlı işinin təmini məsələsi müzakirə olunub

Cəmiyyət Materials 9 Aprel 2012 09:47 (UTC +04:00)
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) nazir Əli Abbasovun rəhbərliyi ilə mayda Bakıda keçiriləcək 57-ci "Eurovision-2012" beynəlxalq mahnı müsabiqəsinin təşkili üzrə TV və radio yayımı, genişzolaqlı internet və digər rabitə xidmətlərinin dayanıqlı işinin təmin olunması istiqamətində görülən işlərlə bağlı kollegiya iclası keçirilib.
"Eurovision-2012" müsabiqəsi zamanı Azərbaycanda rabitə xidmətlərinin dayanıqlı işinin təmini məsələsi müzakirə olunub

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir H.Vəliyev/

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) nazir Əli Abbasovun rəhbərliyi ilə mayda Bakıda keçiriləcək 57-ci "Eurovision-2012" beynəlxalq mahnı müsabiqəsinin təşkili üzrə TV və radio yayımı, genişzolaqlı internet və digər rabitə xidmətlərinin dayanıqlı işinin təmin olunması istiqamətində görülən işlərlə bağlı kollegiya iclası keçirilib.

Nazirliyin mətbuat xidmətindən bazar ertəsi Trend-ə bildiriblər ki, iclasda tədbir zamanı tamaşaçıların "Baku Crystal Hall" kompleksində müasir standartlara cavab verən simli və simsiz şəbəkələrdən istifadəsi üçün görülən işlərin gedişatı barədə məlumat verilib. Eyni zamanda, kompleks ərazisində eyni vaxtda 30 minə qədər insanın mobil rabitə xidmətindən, o cümlədən 3-cü nəsil texnologiyalarından (3G) geniş istifadəsi üzrə həyata keçirilən hazırlıq işləri ətrafında fikir mübadiləsi aparılıb, aidiyyəti üzrə tapşırıqlar verilib.

Bundan başqa, "Eurovision 2012" müsabiqəsi çərçivəsində ölkəyə təşrif buyuran qonaqların çoxluğu nəzərə alınaraq beynəlxalq telefon stansiyalarının, internetin Azərbaycan seqmentinin və internet resurslarının dayanıqlı işinin, eləcə də, müsabiqənin keçirildiyi dövrdə mehmanxana, restoran və digər iaşə obyektlərinin keyfiyyətli internet xidmətləri ilə təmin olunması ilə bağlı aidiyyəti qurumlarla birgə həyata keçirilən məsələlər müzakirə olunub.

Radio və televiziya verilişlərinin ölkə ilə yanaşı, beynəlxalq aləmdə keyfiyyətli yayımı, müsabiqənin rəsmi veb-saytının dayanıqlı işinin və sistemin informasiya təhlükəsizliyinin təmin olunması ilə bağlı məsələlər də kollegiya iclasında müzakirə mövzusu olub.

Sonda nazir RİTN-də yaradılmış İşçi Qrupunun fəaliyyətinin gücləndirilməsi, müsabiqənin keçirilməsinə qalmış vaxtdan səmərəli istifadə olunaraq rabitə sahəsinə aid tədbirlərin icrası, həmçinin mövcud problemlər barədə mütəmadi məruzələr edilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.

Xəbər lenti

Xəbər lenti