...

Nizami Cəfərov: Azərbaycanın hazırkı əlifbasında müəyyən qüsurlar var

Cəmiyyət Materials 29 Avqust 2012 13:56 (UTC +04:00)
Azərbaycanın hazırkı əlifbasında müəyyən qüsurlar var, bu qüsurlar daha çox əlifbanın internetə uyğunluğu baxımındandır. Bunu çərşənbə günü Trend-ə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov deyib.
Nizami Cəfərov: Azərbaycanın hazırkı əlifbasında müəyyən qüsurlar var

Azərbaycan, Bakı, 29 avqust /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın hazırkı əlifbasında müəyyən qüsurlar var, bu qüsurlar daha çox əlifbanın internetə uyğunluğu baxımındandır. Bunu çərşənbə günü Trend-ə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov deyib.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun direktor əvəzi Fəxrəddin Veysəlli bir neçə gün əvvəl Trend-ə müsahibəsində bildirmişdi ki, hazırkı latın qrafikalı Azərbaycan əlifbasında dəyişikliklərin edilməsinə ehtiyac var. Azərbaycan əlifbasında bir neçə artıq işarə var. O təklif edir ki, əlifbamızdakı "q", "ğ", "ə", "ç" hərfləri daha münasib formada yazıla bilər. Onların nə ilə əvəzlənməsinə gəldikdə, Veysəlli deyib ki, bunun üçün qrafemlərin birləşməsindən istifadə etmək olar. Elmi baxımdan daha düzgün olması üçün "ə" "a" hərfi üzərinə iki nöqtə qoymaqla yazıla bilər.

Nizami Cəfərov da hesab edir ki, bugünkü əlifbamızda müəyyən qüsurlar var.

O bildirib ki, görkəmli dilçilərdən biri olan Fəxrəddin Veysəllinin Azərbaycan əlifbasında müəyyən düzəlişlərin edilməsi ilə bağlı təklifi müzakirə oluna bilər və buna ciddi yanaşmaq lazımdır.

Millət vəkili bildirib ki, bugünkü Azərbaycan əlifbasında mübahisəli bir neçə işarədən biri də "ə"-dir. Onun "a"-nın üzərinə iki nöqtə qoyulmaqla yazılması düzgün olmaz. Çünki bu halda əlifbada iki nöqtə qoyulmuş hərflər çox olacaq və başqa problemlər yaranacaq.

Cəfərov qeyd edib ki, "ə" hərfi əvvəl "a" üzərində iki nöqtə qoyulmaqla yazılırdı. Amma sonra əlifbada çoxlu nöqtələr olduğu üçün "a"-nın üzərindəki iki nöqtə ləğv edildi.

"Əslində, "ə" işarəsi "e"-nin tərs yazılışıdır. "e" demək olar ki, bütün latın əlifbalı dünya dilləri üçün ənənəvi işarədir. Latın əlifbası yaranandan bu işarə var. "ə"-ni sonradan "e"-ni əks tərəfə yazmaqla əlavə ediblər. "Ə" süni işarədir. Mən fikirləşirəm ki, bu, əlifba üçün münasib işarədir. Sadəcə olaraq, bu işarənin kompüter üçün uyğunlaşdırılması problemi var", - dilçi alim deyib.

Cəfərov Azərbaycan əlifbasında "ə" işarəsindən imtinanı da mümkünsüz sayır. O,bu fikirdədir ki, əlifbada "ə" işarəsi mütləq olmalıdır.

"Hətta bəzi vaxtlar belə fikir var idi ki, "ə" hərfini çıxaraq. Onu Türkiyə əlifbasında olduğu kimi "e" kimi yazaq. Bu da özünü doğrultmadı. Mənə elə gəlir ki, bu məsələdə bir az fikirləşmək lazımdır. Əlifbanı belə asanlıqla dəyişmək o qədər də əlverişli deyil", - Cəfərov əlavə edib.

Onun sözlərinə görə, "c", "ç", "ş" kimi hərflərin qrafemlərin birləşməsi kimi verilməsi düzgün olmaz.

Azərbaycan və Avropanın yazı ənənəsi arasında kəskin fərqlərin olduğunu söyləyən alim dilimizin ingilis, ya da alman dili ilə müqayisəsini düzgün saymayıb.

"Onlar əsrlər boyu qrafem birləşmələrindən istifadə ediblər. Biz birdən-birə "c" əvəzinə "ch", "ş" əvəzinə "sh"-ı qəbul etsək, onda çox ciddi problemlər yaranacaq. Çünki bizim dilimiz iltifaqi dildir. İltifaqi dildə də mütləq hər səsin bir işarəsi olmalıdır", - Cəfərov bildirib.

Komitə sədrinin fikrincə, Azərbaycan əlifbası ayrılıqla deyil, daha çox türkdilli xalqların əlifbaları ilə birgə müzakirə olunmalı və işarələr də bir yerdə qəbul olunmalıdır.

Xəbər lenti

Xəbər lenti