...

Azərbaycan yol polisi sərxoş sürücülərlə bağlı qanunvericilikdə tətbiq olunan müddəalara aydınlıq gətirib

Cəmiyyət Materials 11 Fevral 2013 18:08 (UTC +04:00)
Azərbaycanda mövcud qanunvericiliyə əsasən, nəqliyyat vasitəsinin sərxoş idarə edilməsinə görə təkcə cərimə nəzərdə tutulmur.
Azərbaycan yol polisi sərxoş sürücülərlə bağlı qanunvericilikdə tətbiq olunan müddəalara aydınlıq gətirib

Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir İ.İzzət/

Azərbaycanda mövcud qanunvericiliyə əsasən, nəqliyyat vasitəsinin sərxoş idarə edilməsinə görə təkcə cərimə nəzərdə tutulmur. Bunu Trend-in sorğusuna cavabında spirtli içki qəbul edərək avtomobili idarə edən sürücülərin dərhal sürücülük hüququndan məhrum edilməsi ilə bağlı qanunvericiliyə ediləcək dəyişikliyə dair bəzi KİV-lərdə yayılan məlumatı şərh edərkən Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib.

"İnzibati Xətalar Məcəlləsinə edilmiş sonuncu əlavə və dəyişikliyə görə, 152-1.1-ci maddəsinə müvafiq olaraq, sürücünün 300 manat miqdarında cərimə olunması və ya onun sürücülük hüququnun 6 aydan 1 ilədək müddətə məhdudlaşdırılması nəzərdə tutulur", - Əliyev bildirib.

"Lakin İnzibati Xətalar Məcəlləsinin 152-1.2-ci maddəsinə əsasən, sürücü sərxoş vəziyyətdə həmin Məcəllənin 151.2 və ya 151.3-cü maddələrdə nəzərdə tutulmuş xətaları törədərsə, onun sürücülük hüququ bir il müddətinə məhdudlaşdırılmaqla 400 manatdan 500 manatadək miqdarda çərimə edilir", - o qeyd edib.

Onun sözlərinə görə, bu qanun artıq ötən il dekabrın 1-dən qüvvədədir.

Əliyevin sözlərinə görə, qanunvericiliyə edilmiş dəyişikliklərə əsasən, bu xətalara görə qərar yalnız məhkəmələr tərəfindən çıxarıla bilər.

Qeyd edək ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, layihənin müəllifi Rafael Cəbrayılov bəzi KİV-lərə açıqlamasında bildirib ki, Azərbaycanda spirtli içki qəbul edərək avtomobili idarə edən sürücülər dərhal sürücülük hüququndan məhrum ediləcəklər. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 151-ci maddəsinə dəyişiklik ediləcək.

"Ola bilsin, hörmətli deputatımız 151-ci maddəyə diqqət yetirməyib. Çünki 151-ci maddə, ümumiyyətlə, sərxoşluqla əlaqəli deyil, 152-1.1-ci maddənin tələblərinə görə isə nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edən sürücünün elə birinci dəfədən də sürücülük hüququ məhdudlaşdırıla bilər", - Kamran Əliyev bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti