Azərbaycan, Bakı, 31 mart /Trend/
Millət vəkili Qənirə Paşayeva İstanbulda 31 mart azərbaycanlıların soyqırımı günü ilə bağlı tədbirdəki çıxışında Türkiyə bələdiyyələrinə çağırış edib.
Türk Ocaqları İstanbul şöbəsinin təşkil etdiyi toplantının açılışında çıxış edən qurumun başqanı Cezmi Bayram 31 mart soyqırımı barədə Türkiyədə məlumatın az olduğunu bildirib. Onun sözlərinə görə, bu tarixi hadisələrin Türkiyədə yüksək səviyyədə qeyd olunmaması utancvericidir.
C. Bayram Xocalı faciəsinin soyqırım kimi tanınması ucun Türkiyə Böyük Millət Məclisinə müraciət edəcəklərini də deyib.
Memar Sinan Universitetinin professoru Nesrin Sariahmetoglu ermənilərin Azərbaycanda həyata keçirdikləri soyqırımının sistemli şəkildə planlaşdırıldığını vurğulayıb. 31 mart soyqırımını türk tarixinin qara səhifələrindən biri kimi xarakterizə edən Nesrin Sariahmetoglu ermənilərin türklərə qarşı törətdiyi soyqırımlarının gənc nəsillərə daima öyrədilməsinin vacibliyindən bəhs edib.
Tədbirdə çıxış edən Azərbaycan Milli Məclisin deputatı Qənirə Paşayeva 31 mart soyqırımının bütün insanlığa qarşı edilmiş bir cinayət olduğunu dedi.
Millət vəkili 20-ci əsrin əvvəlində ermənilərin həm Anadolu, həm də Azərbaycan torpaqlarında, 20-ci əsrin sonunda müasir dünyanın gözləri qarşısında Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi qətliamlar, soyqırımlardan danışıb və bildirib ki, dünyanın bəzi ölkələri var ki, gerçəkləri görmək istəmir və qondarma erməni soyqırımı ilə bağlı qərarlar qəbul edirlər. Bu yalanların qarşısının alınmasının tək bir yolu var - birlikdə mübarizəmizi daha da gücləndirmək və həqiqətləri dünyaya birlikdə daha da geniş yaymaqdır.
"Qondarma erməni soyqırımı iddialarına qarşı mübarizə və Qarabağ probleminin həlli harada doğulub harada yaşamasından asılı olmayaraq bütün Türklərin əsas məsələsi olmalıdır. Biz bu iddiaların qarşısını almaq üçün həqiqətləri, gerçəkləri bütün dünyaya daha geniş şəkildə çatdırmalıyıq", - deyə millət vəkili əlavə edib. Bu məsələdə türk gəncliyinin üzərinə böyük vəzifə düşdüyünü qeyd edən millət vəkili Qənirə Paşayeva bütün türk gəncliyini tariximizə sahib çıxmağa, sosial mediada, virtual aləmdə fəal olmağa çağırıb və qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə və Azərbaycan həqiqətlərinin daha geniş şəkildə yayılması məqsədilə sosial mediada səylərin artırılmasının, işinin sürətləndirilməsinin vacibliyini qeyd edib.
Qənirə Paşayeva bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarının dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır.
Paşayeva qeyd edib ki, ABS-ın 2 ştatında 1918-ci ilin 31 mart soyqırımı anım günü kimi qeyd edilməsi haqqında qətnamələr qəbul edilib: "Deməli, biz ardıcıl səkildə və yorulmadan çalışanda bir çox şeyi dəyişdirməyə gücümüz çatir". Türkiyədə Ceyhan və Qızılcahamam bələdiyyələrinin Xocalı qətliamlarını soyqırım kimi tanıyan qətnamələr qəbul etdiyini deyən millət vəkili Qənirə Paşayeva Türkiyə bələdiyyələrinə çağırış etdi.
Millət vəkili Türkiyədəki bələdiyyələrə müraciət edərək, onların 31 mart - Azərbaycanlıların soyqırımı gününün anım günü kimi qeyd edilməsi barədə qətnamələri qəbul etmələrinin müsbət bir hal ola biləcəyini dedi.