Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan Prezidenti yanında Gənclər Fondu talassemiya və hemofiliya kimi qan xəstəliklərindən əziyyət çəkən gənc şəxslərə yardım göstərilməsi üçün sosial kampaniyaya başlayıb.
Fonddan Trend-ə verilən məlumata görə, kampaniyanın maarifləndirmə avtobusu ölkəmizin 12 şəhər və rayonunda 1 günlük aksiyalar keçirməyi nəzərdə tutub. İlk aksiya iyunun 20-də Hacıqabul rayonunda baş tutub. Növbəti aksiyalar iyulun 5-dək respublikanın müxtəlif şəhər və rayonlarında keçiriləcək.
Azərbaycan Gənclər Fondu tərəfindən layihə çərçivəsində hazırlanmış Fəxri Donor Kartları qan verən bütün aksiya iştirakçılarına paylanıb. Donor kartları vasitəsilə ümumi məlumat bazası hazırlanacaq və gələcəkdə donorlara müraciət etmək imkanı yaradılacaq.