Azərbaycan, Bakı, 4 aprel /Trend/
"Azəryolservis" ASC sürücülərin yeni təmir olunmuş küçələrdən parkinq üçün istifadə etdiyini bildirir.
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev Trend-ə deyib ki, sürücülər yenicə təmirdən çıxmış Süleyman Rüstəm, Şəmsi Bədəlbəyli və Nizami küçələrindən parkinq üçün istifadə edirlər.
Onun sözlərinə görə, həmin küçələrdə yolun hətta ikinci zolağı da parkinq nəticəsində tutulub: "Biz həmin küçələri park edilməsi üçün deyil, nəqliyyat vasitələrinin maneəsiz hərəkəti asanlaşsın deyə təmir etdik. Bakıda genişləndirilən küçələr var, lakin təmirdən sonra nəqliyyat vasitələrinin yolun birinci və ikinci zolağında park edilməsi həmin küçələrdə hərəkətin sıxlığına səbəb olur. Bəzi küçələrdə vəziyyət o həddə çatıb ki, orada avtomobillərin park edilməsi səbəbindən təmir işlərini apara bilmirik. Nizami küçəsində təmir işləri başa çatsa da, nəqliyyat vasitələrinin qeyd etdiyimiz formada park edilməsi həmin küçədə üfüqi nişanlanmanı həyata keçirməyə imkan vermir".