Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir İlkin İzzət/
Azərbaycan yollarında fasilə, sıxlıq, tıxac olmadan və təhlükəsiz hərəkətin təmin edilməsi məsələsinə kompleks yanaşılmalıdır. Bunu Trend-ə ölkədə yol hərəkətində mövcud problemlərin həlli yolları ilə bağlı açıqlamasında yol hərəkəti qaydaları üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyib.
Onun sözlərinə görə, rəsmi statistikaya əsasən, Azərbaycan üzrə ümumi avtomobilləşmə 13-14 faizdir. Yəni təxminən hər 8 adama 1 avtomobil düşür. Bakıda bu rəqəm təxminən 25 faiz həddindədir, yəni hər 4 adama 1 avtomobil düşür. Amma Yaponiyanın paytaxtı, 30 milyon əhalisi olan Tokio şəhərində avtomobilləşmə səviyyəsi 60-70 faizdir, amma orada tıxac və qəzalar çox nadir hallarda olur. Azərbaycanda yol hərəkəti problemlərinə yanaşmada 4 məsələ öz həllini tapmalıdır: "Birincisi, insan amilidir. Yəni sürücü, piyada, yol hərəkətini təşkil edənlər və s. şəxslərin bilik və davranışları lazımi səviyyəyə çatdırılmalıdır. İkincisi, yol infrastrukturu ilə bağlıdır. Yəni yollar, texniki tənzimləmə vasitələri - nişanlar, işıqforlar, yol üzərindəki xətlər, çəpərlər, sədlər, yolötürücüləri, körpülər və s. qaydasında olmalıdır. Üçüncüsü, texnikanın vəziyyəti ilə əlaqədardır. Nəqliyyat parkı, nəqliyyat vasitələri texniki cəhətdən saz vəziyyətdə olmalıdır. Dördüncüsü, səmərəli nəzarətin həyata keçirilməsindən asılıdır. Hüquqi məsuliyyət, qaydalar dəqiq olmalı, qanunvericilikdə heç bir boşluq olmamalı, hər kəsin hüquq və vəzifələri dəqiq göstərilməlidir. Vəzifələrinin öhdəsindən gəlməyənlər labüd məsuliyyətə cəlb olunmalı, heç kim məsuliyyətdən kənarda qalmamalı, ədalət təmin olunmalıdır. Bu dörd məsələnin birində çatışmazlıq olduqda, hər şey qarışıq düşür, problemlər yaranır".
Ekspertin fikrincə, hazırda ölkədə yol infrastrukturu ilə bağlı genişmiqyaslı işlərin görülməsinə baxmayaraq, ciddi problemlər var: "Dövlət Yol Polisi monitorinq keçirildiyini və yollarda minlərlə yol nişanının çatışmadığını etiraf edir. Bu problem mütləq aradan qaldırılmalıdır. Yol şəraitindən asılı olaraq hər bir yol nişanının tətbiqi, nişanlama xətlərinin çəkilməsi ilə bağlı hüquqi şərtlər, standart və qaydalar var. Sürət həddinin yola uyğun parametrləri var. Azərbaycanda isə sürətlə bağlı böyük və qəribə problemlər var. Məsələn, yol tikənlər, yəni Nəqliyyat Nazirliyinə aid strukturlar deyirlər ki, filan yerdə yüksək sürət həddi 120, 150 km/saat qoyulacaq. Halbuki, bu fikir yanlışdır və əsassızdır. Həmin yolda hətta 90 km/saat sürət də çox təhlükəlidir. Məsələn, Bakı-Sumqayıt yolunda 110 km/saat sürət həddi qoymaqla yolun buraxılış qabiliyyətini artıracaqlarını düşünürlər. Bu yolda 110 yox, hətta 150 km/saat sürət həddi qoysalar, yenə heç bir əhəmiyyəti olmayacaq. Burada pik vaxtlarda faktiki sürət 10-15 km/saat olur. Gecə və günorta vaxtı isə 110 km/saat sürət orada ölüm riski deməkdir. Orada yol boyu hər yerdə tikililər var, demək olar ki, boş yer qalmayıb. Yolun kənarında təhlükəli çəpər, sədlər, bir neçə yerdə piyada keçidləri var. Orada 110 km/saat sürət həddi necə qoymaq olar? Bax, ona görə də bu məsələdə kompleks mütəxəssis araşdırması və yanaşması, hər bir problemi yerində aradan qaldırmaq lazımdır. Bu iş lazımi qaydada görülmür".
Hüquqşünas həmçinin hesab edir ki, Azərbaycanda əhalinin yol hərəkətinə dair bilikləri aşağı səviyyədədir: "Həm sürücülərin, həm də piyadaların yol hərəkəti qaydaları bilikləri çox zəifdir. Azərbaycanda təxminən 2 milyon nəfərin sürücülük vəsiqəsi var. Yol hərəkətində ölkə vətəndaşlarının hamısı ilk növbədə piyadadır. Həmin 2 milyon nəfər həm də piyadadır. Onlar cəmiyyətin ən fəal hissəsi, işgüzar adamlardır. Həmin şəxslər sürücülük vəsiqəsini alanda hazırlaşıblar. Ən azından, onlar digərlərinə nümunə olmalıdırlar. Lakin onlar da nümunə ola bilmirlər. Bəzi sürücülərə elementar bir sual veririk və görürük ki, heç bir anlayışı yoxdur. Bunlarla işləmək, onları öyrətmək lazımdır. Başqa yolumuz da yoxdur. Bütün bunları əla da olmasa, yaxşı vəziyyətə gətirə bilsək, onda hansısa irəliləyiş olacaq. Yoxsa pərakəndə, hərdənbir reyd keçirməklə, Bakının 50-60 küçəsini bəzəməklə heç nə düzəlməyəcək. Əgər paytaxtda 1000 küçə varsa, hamısı hərəkət üçün yararlı olmalı, hamısında sürücülərə nəzarət olunmalı, nişanlar qaydasında olmalı, işıqforlar olmalı və müəyyən edilmiş rejimdə işləməlidir. Belə olsa, nəqliyyat problemi azalar".
Ə.Hüseynov qeyd edib ki, aparılan sorğular göstərir ki, Azərbaycanda hələ də əksəriyyət yol hərəkəti qaydalarının onu pozanları cərimə etmək üçün olduğunu düşünür: "Bu, çox təhlükəli, yanlış yanaşmadır. Yol hərəkəti qaydaları ilk növbədə ictimai təhlükəsizlik deməkdir. İnsanların evindən çıxıb qayıda bilməsi, mənzil başına sağ-salamat çatması deməkdir. Yolda "mən" olmamalıdır, "biz", cəmiyyət düşüncəsi olmalıdır".