Azərbaycan, Bakı, 7 may /Trend, müxbir İlkin İzzət /
2015-ci ilin aprel ayı ərzində dövlət sərhədini pozduqları üçün 28 halda 38 nəfər saxlanılıb. Onların 24 nəfəri Azərbaycan Respublikası, 6 nəfəri İran İslam Respublikası, 3 nəfəri Özbəkistan, 2 nəfəri Rusiya, hər ölkədən bir nəfər olmaqla Tacikistan, Gürcüstan və Ukrayna vətəndaşları olub. Bu barədə Trend-ə Dövlət Sərhəd Xidmətindən (DSX) bildiriblər.
Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 4 halda 6 nəfər, Xəzər dənizində 12 halda 21 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb.
Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 244 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 20 halda 27 kiloqram 276,8 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
Ay ərzində qaçaqmalçılıq fəaliyyətilə məşğul olan 4 cinayətkar dəstə zərərsizləşdirilib, dəstə üzvlərindən 8 nəfəri cinayət məsuliyyətinə cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, digər şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.
Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 60 halda ümumi dəyəri təqribən 551 min manat olan qaçaqmalın, o cümlədən 2 ədəd 9 milli metrlik patron, 1 ədəd beşbarmaq, 1 ədəd bıçaq, 1 ədəd optik nişangah, 3.700 ABŞ dolları, 270.000 RF rublı, 11.000 AR manatı, 539.000 İİR rialı, 21 baş iri buynuzlu heyvan, 3 baş at, 2 ədəd zinət əşyası, 3285 qutu siqaret, 13 ədəd mobil telefon, 180 ədəd müxtəlif ölçülü və markalı spirtli içkilər, 2500 metr tor, 4 ədəd qayıq, 1 ədəd mühərrik, 4000 ədəd qarmaq, 15716 ədəd müxtəlif dərman preparatları, 3000 ədəd dini kitab və digər istehlak malları saxlanılıb.