Azərbaycan, Bakı, 13 avqust /Trend/
Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi - Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyevin dəvəti ilə Monqolustan Ədliyyə Nazirliyinin Sərhəd Mühafizə Baş İdarəsinin (SMBİ) rəisi general-mayor Şarxuu Lxaçinjavın başçılıq etdiyi nümayəndə heyəti avqustun 12-14-də Azərbaycana rəsmi səfər edib.
Bu barədə Trend DSX-nın mətbuat mərkəzinə istinadən xəbər verir.
Səfərin məqsədi Azərbaycanın sərhəd təhlükəsizlik sistemi, DSX-nın sərhəd mühafizəsi üzrə fəaliyyəti və qabaqcıl təcrübəsi ilə tanışlıqdan ibarət olub.
Nümayəndə heyəti ilk olaraq Ümummilli Lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarları önünə əklil qoyaraq onların ruhuna hörmət və ehtiramlarını bildiriblər. Sonra isə Şəhidlər Xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi uğrunda həlak olanların xatirəsini yad ediblər.
Səfər çərçivəsində qonaqlar DSX Aparatında DSX-nın rəisi - Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev tərəfindən qəbul ediliblər.
Görüş zamanı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti və Monqolustan Ədliyyə Nazirliyinin Sərhəd Mühafizə Baş İdarəsi arasında ikitərəfli əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Tərəflər arasında sərhəd təhlükəsizliyi üzrə əməkdaşlığın həyata keçirilməsi, sərhəd mühafizəsi, dövlət sərhədindən buraxılış məntəqələrinin fəaliyyəti üzrə təcrübə mübadiləsinin aparılması, dövlət sərhədinin mühafizəsində xidməti heyvanların istifadəsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi və digər maraq doğuran məsələlər müzakirə edilib.
Bununla yanaşı Azərbaycanın dövlət sərhədindəki əməliyyat şəraiti və mövcud təhdidlər, o cümlədən Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20%-nin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması qeyd edilib, sərhəd təhlükəsizliyinin gücləndirilməsi, müasir təlim-tədris sisteminin yaradılması istiqamətində aparılmış islahatlar və əldə olunmuş nailiyyətlər barəsində ətraflı məlumat verilib.
Qonaqlar DSX Aparatının struktur bölmələri, Heydər Əliyev Elmi Araşdırmalar Mərkəzi, Sahil Mühafizəsi, Akademiyası, "Sərhədçi" İdman Olimpiya Mərkəzi, Xüsusi Məktəb, Xidməti Heyvanlar Təlimatçılarının Hazırlığı Mərkəzi və digər bölmələrinin fəaliyyəti ilə tanış ediliblər.
Səfər dostluq və qarşılıqlı anlaşma şəraitində keçib.