Bakı, 27 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/
Azərbaycanda ilk dəfə olaraq bir necə tibb müəssisəsində klinik psixoloqlar fəaliyyət göstərəcək.
Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, Elmi Tədqiqat institutlarında, Tibb mərkəzlərində, Akad. Mirqasımov adına Respublika Klinik Xəstəxanasında, Respublika Perinetal Mərkəzində və s. yerlərdə Səhiyyə Nazirliyi tərəfindən psixoloq ştatı açılacaq və klinik psixoloqlar burada fəaliyyət göstərəcək. Bu müəsissələrdə psixoloqların fəaliyyət göstərməsi ilə müalicəyə müasir və hərtərəfli yanaşma həyata keçiriləcək.
Nazirlikdən bildirilib ki, ölkədə psixi sağlamlıq xidmətlərinin daha yaxşı təşkil edilməsi üçün klinik psixoloqların tibb müəssisələrində çalışması olduqca vacibdir: "Psixoloqlar insanların psixi sağlamlıqla bağlı müxtəlif tələbatlarını və problemlərini aşkarlayır. İnsanlar xəstəliklər zamanı təkcə fiziki baxımdan deyil, eyni zamanda, müxtəlif psixoloji problemlərlə qarşılaşırlar. Bu problemlərin vaxtında aşkar olunması və həll edilməsi şəxslərin psixososial adaptasiya imkanlarını genişləndirir. Məsələn, sonsuzluqdan uzun müddət müalicə alan qadının motivasiya və tələbatlar sisteminin, əhval-ruhiyyəsinin və s. qiymətləndirilməsi və psixoloji müdaxilənin təşkil edilməsi onun həyat keyfiyyətlərini yüksəldəcək".