...

"Bir sıra ölkələrin tədris mərkəzlərində Azərbaycana böyük maraq var"

Cəmiyyət Materials 30 Noyabr 2015 19:48 (UTC +04:00)
Azay Quliyev “Azərbaycan - Şərqin Avropa Cazibəsi” layihəsinin ölkəmizin dünyada tanıdılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini deyib
"Bir sıra ölkələrin tədris mərkəzlərində Azərbaycana böyük maraq var"

Bakı. Trend:

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında Polşanın "Parnas" təşkilatının rəhbəri Lukaş Qolota, adıçəkilən qurumun "Erasmus+" proqramı üzrə koordinatoru Maqdalena Çarneçka və Polşa-Azərbaycan Assosiasiyasının sədri David Sesuda ilə görüş keçirilib.

Şuranın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə, eyni zamanda "Parnas" təşkilatının "Azərbaycan - Şərqin Avropa Cazibəsi" layihəsi çərçivəsində keçirilən esse müsabiqəsinin qalibləri də iştirak edib.

L.Qolota Şuranın dəstəyi ilə həyata keçirdikləri layihə haqqında ətraflı məlumat verib. Təşkilatın sədri yazı müsabiqəsi çərçivəsində Böyük Britaniya, Cənubi Koreya, Çexiya, Fransa, Polşa, Ukrayna və başqa ölkələrin universitetlərində və digər tədris mərkəzlərində Azərbaycana böyük marağın olduğunu müşahidə etdiklərini deyib. Müsabiqə Azərbaycan mədəniyyəti, tarixi, müasir inkişafı, multikulturalizm və digər mövzuları əhatə edib. L.Qolota müasir, dinamik inkişafa malik ölkəmizlə əyani tanışlıqdan müsbət təəssüratlar əldə etdiklərini və mövcud əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını bildirib.

M.Çarneçka azərbaycanlı tələbələrin Polşada təcrübə mübadiləsinə keçməsinə yardımçı ola biləcəyini qeyd edib.

Şura sədri, millət vəkili Azay Quliyev inkişaf etməkdə olan Azərbaycan-Polşa münasibətlərindən və rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətlərindən danışıb. A.Quliyev "Azərbaycan - Şərqin Avropa Cazibəsi" layihəsinin ölkəmizin dünyada tanıdılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Görüşdə gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti