...

Çobanzadə küçəsinin daha bir hissəsi təmir olunur (FOTO)

Cəmiyyət Materials 10 Mart 2016 15:36 (UTC +04:00)
Bakının Nizami rayonu Bəkir Çobanzadə küçəsinin Rüstəm Rüstəmov və Naxçıvanski küçələri arasında yerləşən hissəsinin təmiri işlərinə start verilib.
Çobanzadə küçəsinin daha bir hissəsi təmir olunur  (FOTO)

Bakı. Trend:

Bakının Nizami rayonu Bəkir Çobanzadə küçəsinin Rüstəm Rüstəmov və Naxçıvanski küçələri arasında yerləşən hissəsinin təmiri işlərinə start verilib.

"Azəravtoyol" ASC-dən Trend-ə verilən məlumata görə, sözügedən hissənin uzunluğu 780 metr, eni isə 14 metrdir. Təmir-tikinti işləri zamanı yeraltı kommunikasiya xətləri yolun hərəkət hissəsindən kənara çıxarılır, köhnə səki daşları sökülür. Daha sonra yolun köhnə asfalt-beton örtüyünün yenilənməsi həyata keçiriləcək. Ümumilikdə 2 qat olmaqla 11 min kv.m sahə asfaltlanacaq. Küçə boyu 1600 p/m yeni səki daşı düzüləcək, kommunikasiya xətlərinin baxış qapaqları və yağış barmaqlıqları yeniləri ilə əvəzlənəcək. İşlər çərçivəsində mövcud olan piyada səkiləri də bərpa olunaraq asfaltlanacaq.

Avtonəqliyyat vasitələrinin, o cümlədən müntəzəm sərnişindaşıma ilə məşğul olan avtobusların rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə təmir işlərinin aparıldığı ərazidə 4 xüsusi "cib"li dayanacaq tikiləcək. "Cib"lərin uzunluğu 15 metr, eni isə 3,5 metr olacaq.

Bütün işlər birbaşa olaraq "Azəravtoyol" ASC-nin rəhbərliyinin nəzarəti altında texnoloji ardıcıllığa riayət olunmaqla aparılır. İşlərin tez bir zamanda yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub. Küçənin bu hissəsində işlər yekunlaşdıqdan sonra Babək prospektinə qədər olan ərazinin də təmiri aparılacaq.

Qeyd edək ki, Bəkir Çobanzadə küçəsinin Rüstəm Rüstəmov və Naxçıvanski küçələri arasında yerləşən hissəsində təmir işlərinin aparıldığı müddət ərzində avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə müvəqqəti olaraq və qısa müddətlik məhdudlaşdırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti