...

Bakı Metropolitenində terror və qəzalara hazırlıqla bağlı TƏDBİRLƏR

Cəmiyyət Materials 22 Noyabr 2016 12:06 (UTC +04:00)
Noyabrın 21-dən 25-dək “Bakı Metropoliteni” QSC-nin təlim-tədris mərkəzində müəssisənin rəhbər heyəti və müvafiq xidmətlərin məsul əməkdaşları üçün “Bakı Metropolitenində təhlükəsizlik, qəzalara hazırlıq, dayanıqlıq və cavab tədbirləri” mövzusunda təlimlərə start verilib.
Bakı Metropolitenində terror və qəzalara hazırlıqla bağlı TƏDBİRLƏR

Bakı. Samir Əli - Trend:

Noyabrın 21-dən 25-dək “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) təlim-tədris mərkəzində müəssisənin rəhbər heyəti və müvafiq xidmətlərin məsul əməkdaşları üçün “Bakı Metropolitenində təhlükəsizlik, qəzalara hazırlıq, dayanıqlıq və cavab tədbirləri” mövzusunda təlimlərə start verilib.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Trend-ə bildirib ki, təlimlərin təşkil olunmasında məqsəd terrorizm, təxribat və digər bu kimi hallarda təhlükəsizlik qaydalarının tətbiqi və onun fəsadlarının aradan qaldırılması, həmçinin bu istiqamətdə beynəlxalq təcrübələrdən yararlanmaqdır. Təlimlər bu sahədə nəzəri və praktiki beynəlxalq təcrübəyə sahib olan “İntelligent Solutions İnternational” LTD şirkətinin mütəxəssisləri tərəfindən aparılır.

“Bakı Metropolitenində təhlükəsizlik, qəzalara hazırlıq, dayanıqlıq və cavab tədbirləri” mövzuları üzrə qruplar şəklində təşkil olunan təlimlər çərçivəsində 250 nəfər metropoliten əməkdaşına metropolitendə baş verə biləcək terror-təxribat və digər qanun pozuntuları (vandalizm, cibgirlik və s.) zamanı qabaqlayıcı təhlükəsizlik tədbirləri və onların aradan qaldırılması barədə əlavə məlumatlar verilir. Bununla yanaşı, məşğələlərdə terrorizm və onun təzahürləri, bu tipli risklərin azaldılması istiqamətində nəqliyyatın təhlükəsiz istismarı və digər vacib məsələlər müzakirə edilir, eləcə də təhlükəsizliyin təşkili ilə bağlı beynəlxalq təcrübələr barədə mühazirələr oxunulur.

Keçirilən təlimlərdə iştirakçılara təhlükəsizliklə bağlı videoslaydlar nümayiş olunur, həmçinin təlim iştirakçılarına terror və təxribat xarakterli hadisələr zamanı boşluqların müəyyənləşdirilməsi, onların aradan qaldırılması istiqamətində əlavə təkliflər verilir.

Metropolitendə təhlükəsizlik üzrə təlimlər - qəza hallarında insanların təxliyəsi, kimyəvi-bioloji-radioaktiv zəhərlənmənin əlamətlərinin aşkarlanması haqqında əlavə biliklərin verilməsini təmin edəcək.

Qeyd edək ki, “Bakı Metropoliteni” QSC əməkdaşlarının təhlükəsizliklə bağlı təcrübələrinin artırılması məqsədilə təşkil olunan təlimlər davamlı olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti