...

Şirvan şəhərində içməli su və kanalizasiya şəbəkəsi yenidən qurulur (FOTO)

Cəmiyyət Materials 16 May 2017 15:09 (UTC +04:00)

Bakı. Trend:

Şirvan şəhərində içməli su və kanalizasiya şəbəkəsinin kompleks şəkildə yenidən qurulması yeni icra olunacaq layihə çərçivəsində həyata keçiriləcək.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətindən Trend-ə verilən məlumata görə, 2012-ci ildə təməli qoyulmuş Şirvan-Muğan qrup su kəmərinin 107 km uzunluğunda Hacıqabul-Biləsuvar hissəsi 2013-cü ildə istifadəyə verilib. 2013-cü ildə magistral kəmərdən Şirvan, Hacıqabul, Biləsuvar, 2016-cı ildə isə Salyan şəhərinə içməli suyun verilməsi təmin edilib. Gələcəkdə bu mənbədən kəmərin marşrutu boyu yerləşən 121 kəndə də içməli suyun verilməsi nəzərdə tutulur. Ümumilikdə bu layihədən 470 min nəfər faydalanacaq.

İçməli su təchizatı sektorunda həyata keçirilən böyük infrastruktur layihələrindən olan Şirvan-Muğan qrup su kəmərinin istifadəyə verilməsi Şirvan şəhərinin içməli su təchizatının yaxşılaşdırılmasında əlverişli imkanlar yaradıb. 2013-cü ilin iyulunda Prezident İlham Əliyevin iştirakı ilə Şirvan-Muğan qrup su kəmərindən Şirvan şəhərinə içməli suyun verilməsinə başlanılıb.

Şirvan şəhərinin mərkəzi hissəsində 2 km uzunluğunda yeni magistral su xəttinin çəkilməsi 134 çoxmənzilli yaşayış binasının su təchizatının fasiləsiz rejimə keçirilməsinə imkan yaradıb. Eyni zamanda relyef baxımından hündür ərazidə yerləşən və uzun illərdir içməli su problemi yaşayan Taleh Ələkbərov küçəsinə ilk dəfə içməli su verilib. Hazırda şəhərin 1 may, Demanlı küçələrini və “Köhnə şəhər” adlanan ərazilərini 24 saat fasiləsiz içməli su ilə təmin etmək məqsədi ilə 3 km uzunluğunda yeni xəttin inşasına başlanılıb.

Şirvan-Muğan qrup su kəmərindən yeni birləşmələrin verilməsi nəticəsində Şirvan şəhərinin Çılpaqlı və Yeni yaşayış massivlərinin də içməli su təchizatını yaxşılaşıb. Magistral kəmərdən Yeni yaşayış massivinə 2 km su xətti çəkilmiş və paylayıcı şəbəkə qurulub. Eyni zamanda Çılpaqlı qəsəbəsinə 6,1 km magistral su xətti çəkilərək mövcud şəbəkəyə birləşdirilib.

Ümumilikdə 85 min nəfər əhalisi olan Şirvan şəhəri sakinlərinin 85 faizi 24 saat fasiləsiz su ilə təmin olunur. Əhalinin digər hissəsinə içməli su 1952-ci ildə tikilmiş sutəmizləyici qurğudan rejimlə verilir. Şəhərdə magistral su xətlərinin tikintisi yekunlaşdıqdan sonra Şirvan şəhərinin bütün abonentlərin su təchizatı fasiləsiz rejimə keçiriləcək.

Təxirəsalınmaz tədbirlər çərçivəsində Şirvan şəhərində çoxmənzilli binaların zirzəmilərindəki antisanitar vəziyyətin aradan qaldırılması işləri də həyata keçirilir. Bakı şəhərindən göndərilmiş xüsusi briqadaların köməyilə 14 binanın zirzəmisi sulardan təmizlənib, su və kanalizasiya xətləri yenilənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti