...

Nəsimi rayonunda Milli Mətbuat Günü qeyd edilib

Cəmiyyət Materials 18 İyul 2017 16:22 (UTC +04:00)
Bu gün Nəsimi rayon İcra Hakimiyyətində 22 iyul – Milli Mətbuat Günü ilə əlaqədar tədbir keçirilib.
Nəsimi rayonunda Milli Mətbuat Günü qeyd edilib

Bakı. İlhamə İsabalayeva – Trend:

Bu gün Nəsimi rayon İcra Hakimiyyətində 22 iyul – Milli Mətbuat Günü ilə əlaqədar tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbirdə çıxış edən İcra Hakimiyyətinin başçısı Asif Əsgərov son illər ərzində Nəsimi rayonunda görülən abadlıq-quruculuq işlərindən danışaraq bildirib ki, hazırda rayonun sosial-iqtisadi inkişafı ilə bağlı 20-yə yaxın layihə icra olunur.

KİV nümayəndələri ilə daim sıx işlədiklərini deyən A.Əsgərov rayonda görülən abadlıq-quruculuq işlərinin mətbuat nümayəndələri tərəfindən daim işıqlandırıldığını söyləyib. O buna görə KİV təmsilçilərinə təşəkkürünü bildirib.

Azərrbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli Azərbaycan dövlətinin KİV-in fəaliyyətinə daim dəstək verdiyini vurğulayıb.

Jurnalistlərin mənzil məişət şəraitinin yaxşılaşdırılması üçün Prezident İlham Əliyevin təşəbbüsü ilə artıq bir yaşayış binasının tikilərək istifadəyə verildiyini deyən V.Səfərli onlar üçün tikilən ikinci binadakı mənzillərin sahiblərinin adlarının iyulun 20-də açıqlanacağını, eyni zamanda həmin gün 3-cü binanın təməlinin qoyulacağını söyləyib.

“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev bildirib ki, KİV-in inkişafı istiqamətində atılan hər bir addım Azərbaycan Prezidentinin bu sahəyə göstərdiyi diqqətdən irəli gəlir.

Onun sözlərinə görə, mətbuatın inkişafı ilə bağlı ilk addımlar ulu öndər tərəfindən atılıb: "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli "Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında" fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilib. Jurnalistlər ulu öndəri özlərinə dost seçmişdi və ümummilli lider Heydər Əliyev də özünü jurnalistlərin dostu hesab edirdi. Hazırda da ölkəmizdə bu sahəyə böyük diqqət və qayğı var. Bir neçə gündən sonra jurnalistlərə təqdim olunacaq mənzillər buna bariz nümunədir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti