Bakı. İlhamə İsabalayeva - Trend:
Ötən bir il ərzində 294 prokurorluq işçisinin iş yeri dəyişdirilmiş, onlardan xidməti fəaliyyətlərində müsbət xarakterizə olunan 105 nəfər yuxarı təsnifatlar üzrə vəzifələrə irəli çəkilmişdir.
Trend-in məlumatına görə, bu, Azərbaycanın baş prokuroru Zakir Qaralovun "Azərbaycan" qəzetində dərc olunan məqaləsində qeyd edilib.
Z.Qalaov bildirib ki, ötən müddətdə 156 nəfər eyni təsnifatda olan vəzifələrə, 33 nəfər isə müxtəlif əsaslarla aşağı təsnifat vəzifələrə təyin edilmişlər.
İntizam məsuliyyətinə cəlb edilmiş 59 işçidən 40 nəfərə töhmət və şiddətli töhmət elan edilmiş, 3 nəfər aşağı vəzifəyə keçirilmiş, 8 nəfər vəzifədən azad edilmiş, 4 nəfər prokurorluq orqanlarından xaric olunmuş, 4 nəfərə isə irad tutulmuşdur.
Z.Qaralov qeyd edib ki, ötən bir il ərzində Baş İdarə tərəfindən vətəndaşların 6571 müraciətinə baxılmış, əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində vətəndaşlar tərəfindən “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş ilkin müraciətlərin böyük əksəriyyətinin müsbət həll olunması təmin edilmiş, 7 müraciət üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanmış, həmçinin digər müraciətlər üzrə qanunla nəzərdə tutulmuş müvafiq tədbirlər görülmüşdür. Başlanılmış cinayət işlərinin bir qismi üzrə ibtidai istintaq yekunlaşdırılaraq baxılması üçün məhkəmələrə göndərilmiş, digərləri üzrə isə istintaq davam etdirilir. Bu müraciətlərlə bağlı Baş İdarədə aparılan araşdırmalar zamanı aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması məqsədilə müvafiq təşkilatlara təqdimatlar verilmiş, həmin təqdimatlara əsasən bir sıra işçilər intizam tənbehi qaydasında cəzalandırılmış, aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsi təmin edilmişdir.
Z.Qaralov deyib ki, ötən müddət ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 232 şəxs barəsində 180 işin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilmişdir. Həmin cinayət işləri əsasən mənimsəmə və israf etmə, dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, səhlənkarlıq, hüquq verən rəsmi sənədləri istifadə etmə məqsədilə saxtalaşdırma, qanunsuz hazırlama və istifadə etmə və digər faktlarla əlaqədar olmuşdur.