...

Azərbaycanla IACA arasında korrupsiyaya qarşı mübarizədə əməkdaşlıq perspektivləri müzakirə edilib

Cəmiyyət Materials 5 Oktyabr 2017 12:10 (UTC +04:00)
Azərbaycan nümayəndə heyəti Beynəlxalq Antikorrupsiya Akademiyasının tədbirində iştirak edib.
Azərbaycanla IACA arasında korrupsiyaya qarşı mübarizədə əməkdaşlıq perspektivləri müzakirə edilib

Bakı. Trend:

Azərbaycan nümayəndə heyəti Beynəlxalq Antikorrupsiya Akademiyasının tədbirində iştirak edib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, oktyabrın 2-dən 4-dək Misir Ərəb Respublikasının Şarm El Şeyx şəhərində Beynəlxalq Antikorrupsiya Akademiyası (IACA) Üzv Dövlətləri Assambleyasının 6-cı sessiyası keçirilib.

Tədbirdə ölkəmizi Azərbaycan Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin rəhbərlik etdiyi Baş İdarənin, Xarici İşlər və Vergilər nazirliklərinin əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil edib.

Sessiyada çıxış edən K.Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi və rəhbərliyi altında ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən qanunvericilik və institusional islahatlar, Baş İdarənin və “ASAN xidmət” mərkəzlərinin korrupsiya və rüşvətxorluq hallarının qarşısının alınmasında rolu, həmçinin ölkəmizlə IACA arasında ikitərəfli münasibətlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib, Azərbaycanın bu sahədə əldə etdiyi uğurları qeyd edib.

Tədbirdə Akademiyanın fəaliyyətinin müxtəlif aspektləri ilə bağlı təşkilati və hüquqi xarakterli məsələlər müzakirə edilib, qeyd edilən qurumun qlobal miqyasda korrupsiyaya qarşı mübarizə səylərinin gücləndirilməsində rolunun artırılması məqsədilə bir sıra zəruri sənədlər işlənib hazırlanıb, həmin sənədlərin hazırlanması və qəbulu prosesində ölkəmizin nümayəndə heyətinin fəal iştirakı xüsusi vurğulanıb.

Səfər çərçivəsində ölkəmizin nümayəndə heyəti ilə IACA-nın rəhbəri Martin Kreutner, Misir Ərəb Respublikası və digər dövlətlərin nümayəndə heyətləri arasında ikitərəfli görüşlər keçirilib, korrupsiyaya qarşı mübarizə sahəsində qarşılıqlı əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Görüşlərdə Azərbaycanın Misir Ərəb Respublikasında fövqəladə və səlahiyyətli səfiri Tural Rzayev iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti