Bakı. Trend:
Binəqədi Rayon İcra Hakimiyyəti (RİH) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının konfrans zalında “Məişət zorakılığının qarşısının alınması mexanizmləri” adlı monotorinq qrupunun üzvləri üçün təlim keçirilib.
Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, tədbirdə Binəqədi RİH başçısının müavini Aygün Əliyeva, Komitənin Aparat rəhbəri Ceyran Rəhmətullayeva, Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova, İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları, Rayon Hüquq-mühafizə orqanlarının nümayəndələri, bələdiyyə sədrləri, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının sahə və qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələri, təhsil müəssisələrində fəaliyyət göstərən psixoloqlar və səhiyyə işçiləri iştirak edib.
A.Əliyeva tədbiri giriş sözü ilə açaraq bildirib ki, məişət zorakılığı ilə mübarizədə Azərbaycan dövləti ən müasir metodlardan yararlanmaqla bu sahədə dünyanın ən tanınmış beynəlxalq təşkilatları ilə əməkdaşlıq edir və təcrübə mübadiləsi həyata keçirir.
Komitənin Aparat rəhbəri C.Rəhmətullayeva qeyd edib ki, məişət zorakılığı ilə mübarizədə sosial işçilərin üzərinə böyük məsuliyyət düşür. Bu səbəbdən sosial işçilərin sayı artırılmalı və onlar cəmiyyətə inteqrasiya olunmalıdır. Daha sonra Komitənin Hüquq təminatı şöbəsinin müdiri T.İbrahimova təlim xarakterli təqdimatla çıxış edib. Təqdimatda əsasən məişət zorakılığı halları ilə mübarizənin tənzimlənməsində hüquqi metodlar barədə məlumat verilib. Bundan əlavə, təlim zamanı məişət zorakılığı halları ilə mübarizə sahəsində maarifləndirmə işləri aparmaq məqsədilə Komitə tərəfindən çap edilmiş buklet və kitabçalar görüş iştirakçılarıla paylanıb.
Təqdimat bitdikdən sonra görüş diskussiya şəklində davam edib.