...

Binəqədidə Azərbaycan əlifbası və Azərbaycan dili gününə həsr edilmiş tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 2 Avqust 2018 10:17 (UTC +04:00)

Bakı. Trend:

Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, YAP Binəqədi rayon təşkilatı, Gənclər və İdman idarəsi və Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə 1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili gününə həsr edilmiş tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Şəmsi Gülverdiyev, YAP Binəqədi rayon təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva, Binəqədi Rayon Gənclər və İdman idarəsinin aparıcı məsləhətçisi Ülviyyə Usubova, Binəqədi Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının direktoru Rəna Biləndərli, ədəbiyyatşünas, tənqidçi və publisist, filologiya üzrə elmlər doktoru, professor, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini Əlizadə Əsgərli, Türkoloq-alim, filologiya üzrə fəlsəfə doktoru, AMEA Rəyasət heyətinin təsisçisi olduğu beynəlxalq "Türkologiya" jurnalının məsul katibi Elçin İbrahimov və YAP Binəqədi rayon təşkilatının bir qrup fəal gənci iştirak edib.

Tədbir başlamazdan öncə qonaqlar Binəqədi Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxana fonduna daxil olan ədəbiyyatlarla tanış olublar.

Tədbiri açıq elan edən Binəqədi Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Rəna Biləndərli qonaqları salamlayaraq dilin millətin simasını səciyyələndirən amillərdən biri, onun milli sərvəti olduğunu qeyd edib.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini, professor Əlizadə Əsgərli millətin dilinin dövlət dili statusuna yüksəlməsinin tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsi olduğunu vurğulayıb. Natiq dilin dövlət dili statusuna yüksəlməsinin millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda dilinin zənginliyinin əsas sübutu olduğunu deyib.

Türkoloq-alim, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov milli-mənəvi dəyərlərin ən qiymətlisi və bir millət kimi milli varlığın rəmzi olan Azərbaycan dilinin saflaşdırılması və inkişafı istiqamətində bu günə qədər çox mühüm addımlar atıldığını qeyd edib.

Onun sözlərinə görə, ölkədə Azərbaycan dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması dilin qorunmasına yönələn düşünülmüş siyasətin nəticəsidir.

YAP Binəqədi rayon təşkilatının Aparat rəhbəri Sevinc Abdullayeva Respublikada dil siyasətinin formalaşdırılmasının, Azərbaycan dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsinin və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək milli həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəlməsinin Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib.

Binəqədi Rayon İcra Hakimiyyəti ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Şəmsi Gülverdiyev Ümummilli Lider siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən dil siyasətinin uğurla həyata keçirildiyini qeyd edib. Natiq dövlət başçısının 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncam ilə hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısının hazırlandığını bildirib.

Şəmsi Gülverdiyev çıxışını Ümummili Lider Heydər Əliyevin “İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir” fikri ilə yekunlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti