Bakı. Trend:
Orta əmək haqqı 52 faiz artıb ki, bu da 800 min insanın əmək haqqının 50 faizdən çox artması deməkdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, 2019-cu ildə həyata keçirilən islahatların nəticəsində ölkədə əmək müqavilələrinin sayı da 161 min müqavilə artıbdır. Müsbət haldır ki, onların böyük hissəsi 96 mini özəl, 65 mini isə dövlət sektorunda qeydə alınıb.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev KİV-ə müsahibəsində deyib.
Nazirin sözlərinə görə, bu il ölkədə əmək haqqı fondunun 43 faiz, median əmək haqqının 52 faiz artması çox böyük göstəricidir. Median əmək haqqının 52 faiz artması 800 min insanın əmək haqlarının 50 faizdən çox artması deməkdir. Bu, ölkədə qeyri-leqal əmək münasibətlərinin azalmasının, bu sahədə leqallaşmanın göstəricisidir, yəni kölgə iqtisadiyyatının daralmasının göstəricisidir.
S.Babayev qeyd edib ki, cari ildə qəbul edilən inqilabi qərarların və islahatların birbaşa iqtisadiyyata çox böyük dəstəyi var, 161 min əmək müqaviləsi artımı ilə həmçinin büdcəyə gələn vəsait artır, bununla da nazirlik yanında Dövlət Sosial Müdafiə Fonduna əlavə vəsaitlər gəlir və nəticə olaraq bu vəsaitlərin hesabına pensiyalar artır.
Həssas kateqoriyadan olan insanların məşğulluğu üçün də mütəmadi olaraq işlər aparıldığını deyən nazir məşğulluğu təmin edilə bilməyənlər sosial təminat mexanizmləri ilə əhatə olunur.
S.Babayev həmçinin xatırladıb ki, bu il ölkədə minimum əmək haqları 93 faiz artırılıb. Müxtəlif kateqoriyadan olan şəxslərin də əmək haqları 50 faizdən 100 faizədək artırıldı: “Azərbaycan əmək bazarında çox ciddi bir dinamizm əmələ gəldi. Sırf bu sahəyə yönəldilən dövlət vəsaitinin məbləği milyardlarla ölçülür. Azərbaycanın dövlət büdcəsinin təqribən 40 faizi sosial yönümlü xərclər üçün yönəldilib, bu, artan dinamizin göstəricisidir. Qeyd edilən bu sosial islahatların davamı gələn il də gözlənilir”.