Bakı. Trend:
Məlum olduğu kimi, Ağdaban soyqırımı xalqımızın qan yaddaşına həkk olunmuş ən dəhşətli qırğınlardan biridir. Erməni quldurlarının törətdiyi vəhşiliklər nəticəsində 130 evdən ibarət kənd tamamilə yandırılıb. Yüzlərlə dinc sakin ağır işgəncələrə məruz qalıb, 67 soydaşımız amansızlıqla qətlə yetirilib, 2 nəfər itkin düşüb, 12 nəfər isə ağır bədən xəsarətləri alıb. Bu amansız qətliamın dəhşətlərini hələ də taleyində daşıyan soydaşlarımız var. Ağdaban faciəsi mədəniyyətimizdə də ağrılı izlər qoyub. Hadisə zamanı Aşıq Qurbani və onun oğlu, ustad el sənətkarı Aşıq Şəmşirin evi, zəngin arxivi və əlyazmaları yandırılaraq talan edilib.
Tədbirdə erməni silahlı birləşmələrinin Kəlbəcərin işğalından təqribən bir il əvvəl rayonun Ağdaban kəndində törətdikləri vəhşiliklərin dəhşətli fəsadları və sonrakı nəticələrindən söhbət açılacaq. Milli Məclisin üzvləri və ziyalılar erməni separatçılarının törətdiyi qırğının siyasi məqsədi, maddi və mənəvi zərərlərinə dair çıxışlar edəcəklər.
Tədbir çərçivəsində millət vəkili Jalə Əliyevanın “Müqəddəs ocağın yadigarları” kitabının təqdimatı olacaq. Kitabda uzun illər işğalda qalan Kəlbəcər rayonunun tarixi və ədəbi mühitinə dair maraqlı elmi araşdırmalar əksini tapıb. Yazılı və şifahi poeziyamızın görkəmli siması Dədə Şəmşirin zəngin söz xəzinəsi, bu nəslin istedadlı nümayəndələrinin həyat və yaradıcılığı geniş tədqiq olunub.