Bakı. Çingiz Səfərli - Trend:
Birinci Qarabağ müharibəsi zamanı çox sayda azərbaycanlı ermənilər tərəfindən əsir götürülüb.
Bu sözləri Trend-ə açıqlamasında Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) sədri Göksel Gülbey deyib. O, əsir götürülən şəxslərin başına gətirilən müsibətlərə dair əllərində çox sayda dəlillər olduğunu və bununla bağlı dəfələrlə beynəlxalq təşkilatlara müraciət etdiklərini bildirib:
"Əsir qadınların çoxu zorakılığa məruz qalıb, kişilər isə ya həbsxanaya salınıb, ya da Qarabağdakı qızıl mədənlərində ağır şərtlər altında işləməyə məcbur ediliblər. Bu zülmə davam gətirməyib həyatını itirənlərin isə məzarları belə olmayıb. 1996-cı ildə erməni əsgərləri qaçaqmalçılıqla məşğul olan bir İğdır sakinini tutmuşdular. Sonradan buraxılan şəxs bizə Ermənistanda olarkən həbsxanalarda bir neçə azərbaycanlı əsir olduğunu, boynuna zəncir bağlandığını və onlara heyvan münasibəti göstərildiyinin şahidi olduğunu deyib. Bildirib ki, həmin şəxslərlə söhbət zamanı onların 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı əsir düşdüklərini öyrənib. Biz bu məsələ ilə bağlı dəfələrlə Beynəlxalq Qırmızı Xaç Komitəsi və digər təşkilatlara müraciətlər etmişik. İkinci Qarabağ müharibəsində Azərbaycan 30 ilə yaxın işğal altında olan ərazilərini geri qaytarıb. Bu torpaqlara yenidən ayaq basanlar heç zaman keçmişi unutmamalıdırlar".
Twitter:@cingizsafarli