...

Tarixi yaddaşımızdan heç vaxt silinməyəcək qətliam (FOTO)

Cəmiyyət Materials 29 Mart 2022 17:44 (UTC +04:00)
Tarixi yaddaşımızdan heç vaxt silinməyəcək qətliam (FOTO)

Bakı. Trend:

Xətai rayonunda 31 Mart soyqırımına həsr olunmuş anım tədbiri keçirilib

Martın 29-da Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının və rayonda yerləşən 269 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların soyqırımının 104-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbirdə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış qəhrəman oğul və qızlarımızın, eləcə də soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə çıxış edərək bildirib ki, tarix boyu təcavüzkar siyasət həyata keçirməklə məşğul olan, qanlı və cinayətkar əməllər törədən, “Böyük Ermənistan” yaratmaq xülyasından əl çəkməyən ermənilər zaman-zaman xalqımızı soyqırıma məruz qoymuş, havadarlarının köməyi ilə əzəli torpaqlarımızı zəbt etməyi özlərinin məqsədlərinə çevirmişlər. Təkcə ötən əsrdə Azərbaycan xalqı dəfələrlə (1905-1906, 1918-1920, 1948-1953, 1988-1993-cü illərdə və s.) erməni millətçiləri tərəfindən hüquqlarının pozulması, qeyri-insani rəftarla, insan ləyaqətini alçaldan hərəkətlərlə müşayiət olunan soyqırımına və deportasiyaya məruz qalmışdır.

Vüqar Rəhimzadə qeyd edib ki, 31 Mart soyqırımı öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biri hesab edilir: “1918-ci ilin mart günlərində Bakıda, eləcə də Şamaxıda, Qubada, Qarabağda, Naxçıvanda, Qərbi Azərbaycanda və digər bölgələrdə törədilən qırğınlar, qanlı hadisələr zamanı ermənilər bir neçə gün ərzində minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirib, qoca, qadın və uşaqlara belə aman verməyiblər. Minlərlə azərbaycanlını qəddarlıqla öldürən erməni vandalları bununla kifayətlənməyərək yaşayış məntəqələrini, məscidləri, tarixi və mədəniyyət abidələrini yerlə-yeksan edərək, məhv ediblər.”

YAP Xətai rayon təşkilatının sədri bildirib ki, ermənilərin iki əsrdir azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı və deportasiya siyasətinin ətraflı öyrənilməsi və tədqiqi, həqiqətlərin xalqımıza və dünya ictimaiyyətinə çatdırılması sahəsində fəaliyyət yalnız ulu öndər Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli Fərmanından sonra sistemli şəkildə həyata keçirildi: “Ümummilli Liderin bu Fərmanı ilə xalqımıza qarşı törədilmiş ağır cinayətlərə hüquqi-siyasi qiymət verilmişdir. Bu gün isə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə erməni təcavüzünün və vandalizminin nəticələrinin aradan qaldırılması, erməni vəhşiliyinin dünyaya təqdim olunması istiqamətində ardıcıl və məqsədyönlü işlər görülür. Dövlət başçısı İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli “Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında” Sərəncamı bu istiqamətdə mühüm addımlardan biridir.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində gerçəkləşdirdiyi mühüm layihələr xüsusi qeyd edilməlidir. 31 Mart soyqırımı hər il təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində yaşayan həmvətənlərimiz, diaspor təşkilatları, xaricdəki səfirliklərimiz tərəfindən qeyd olunur. Erməni-bolşevik silahlı dəstələrinin 104 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə KİV-lərdə məqalələr dərc edilir. Azərbaycan xalqı faciə qurbanlarının xatirəsini hər zaman xüsusi ehtiramla yad edir.”

Vüqar Rəhimzadə vurğulayıb ki, erməni vəhşilikləri Azərbaycan tarixinin qanla yazılmış səhifəsi olsa da, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuz İkinci Qarabağ müharibəsində şanlı Zəfər qazanmaqla sübut etdi ki, Azərbaycan yerləşdiyi bölgədə əsas söz və nüfuz sahibi olmaqla bütün problemlərin öhdəsindən hər zaman uğurla gəlmək iqtidarındadır: “Məhz bütün bunlara arxalanaraq, bu prinsipdən və qalib ölkə mövqeyindən çıxış edərək gələcəyimiz olan gəncləri hər zaman vətənpərvər və qurucu ruhda yetişdirməyi əsas fəaliyyət istiqaməti kimi qəbul edirik. Bu baxımdan ermənilər tərəfindən xalqımıza qarşı törədilən soyqırımları gənclərimiz üçün ibrət dərsi olmalı, onlar heç vaxt erməni vəhşiliklərini unutmamalıdırlar. Azərbaycan gəncləri ermənilərin uydurmalarını dünyada ifşa etmək üçün öz üzərlərinə düşən vəzifələrə çox ciddi yanaşmalı və müasir informasiya texnologiyalarının imkanlarından istifadə edərək əsl həqiqətləri beynəlxalq aləmə çatdırmaq istiqamətində bütün güclərini səfərbər etməlidirlər. Azərbaycanın zəngin tarixinin öyrənilməsi, nəsillərdən-nəsillərə ötürülməsi, faciələrimizin unudulmaması üçün belə tədbirlərin keçirilməsi də olduqca əhəmiyyətlidir.”

Çıxış edən 269 nömrəli tam orta məktəbin direktoru Alla Vəzirova bildirib ki, hər il mart ayının 31-i ölkəmizdə dövlət səviyyəsində Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir: “Bu tarix son yüz ildən artıq müddətdə Azərbaycan tarixində baş vermiş faciəli hadisələrin xalqın yaddaşındakı qanlı izlərini özündə əks etdirir. Azərbaycanlıların kütləvi şəkildə öldürülməsini, repressiyalara məruz qalmasını XX yüzilliyin ən qanlı səhifələrindən biri hesab etmək olar. 1918-ci il martın 30-dan aprelin 3-dək erməni şovinistləri Azərbaycanda kütləvi qırğınlar, qətliamlar törətməklə bəşər tarixində misli görünməmiş soyqırımına imza atmışlar. Bu soyqırımının əsl hüquqi-siyasi qiyməti isə Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən verilmişdir. Erməni quldurlarının azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərə hüquqi qiymət verilməsi istiqamətində ümummilli lider Heydər Əliyevin yürütdüyü məqsədyönlü siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.

A.Vəzirova bu cür tədbirlərin keçirilməsinin gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, tariximizdə baş verənlərlə bağlı ətraflı məlumatlandırılması baxımından vacib hesab edib: “İki əsrlik zaman çərçivəsində ermənilərin xalqımıza qarşı törətdikləri ağlasığmaz vəhşiliklər millətin qan yaddaşında əbədi yer tutmalı və gələcək nəsillərə çatdırılmalıdır. Gənclərimiz belə taleyüklü məsələlərin aktuallaşmasında, soyqırımı həqiqətlərinin beynəlxaq ictimaiyyətə çatdırılmasında fəal olmalıdırlar.”

Sonra məktəbin tarix müəllimi Ruhiyyə Orucova XX əsrin ən dəhşətli faciələrindən biri olan 1918-ci ilin Mart soyqırımı ilə bağlı daha ətraflı məlumat verib.

Tədbirdə məktəblilərin ifasında bəşəriyyət və insanlıq əleyhinə ən qanlı terror aktlarına həsr olunmuş şeirlər səsləndirilib, soyqırımın acı həqiqətlərini əks etdirən səhnəciklər nümayiş etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti