...

Tələbə yataqxanalarında son vəziyyət - ARAŞDIRMA

Cəmiyyət Materials 14 Sentyabr 2022 13:55 (UTC +04:00)
Tələbə yataqxanalarında son vəziyyət - ARAŞDIRMA
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Sabah yeni tədris ili başlayır. Universitetlərə qəbul olan tələbələrin əsas problemi kirayə ev tapmaq, yaxud yataqxanalarda yerləşmədir.

Məsələ ilə bağlı Trend bir neçə universitetdən yataqxanaların vəziyyəti ilə maraqlanıb.

Bakı Dövlət Universitetinin (BDU) mətbuat katibi Kəmalə Quliyeva Trend-ə bildirib ki, təhsil müəssisəsinin 220 yerlik Tələbə Evi fəaliyyət göstərir. Aylıq ödəniş 75 manatdır. Gələcəkdə tələbə yataqxanalarının tikilməsi nəzərdə tutulub.

Tibb Universitetinin həmkarlar İttifaqı komitəsinin sədri Cahangir Qasımov Trend-ə bildirib ki, Tibb Universitetinin 4 yataqxanası fəaliyyət göstərir. Bir və iki saylı yataqxanamızda qızlar, altı saylıda oğlanlar, beş saylıda əcnəbilər yaşayır. Fəaliyyətdə olan yataqxanalarımızın ümumi tutumu 968 nəfərdir. Üç nömrəli yataqxana isə təmirə bağlanıb.

Birinci növbədə yataqxanalarda şəhid və qazi ailələrinin üzvləri yerləşdirilir. Hazırda yataqxanalara yerləşdirilmə davam edir. Bu il yataqxanada boş yer çox deyil. Otaqların kvadratına görə aylıq qiymət 50-80 manat arası dəyişir.

Azərbaycan Texniki Universitetinin mətbuat katibi Sevinc İsgəndərova bildirib ki, AzTU-nun tələbə şəhərciyi 1965-70-ci illərdə inşa olunmuş 5 mərtəbəli, daş konstruksiyalı 6 binadan və həmin ərazidə tikintisi 1991-ci ildən yarımçıq qalmış 546 yerlik 2 ədəd 14 mərtəbəli yataqxanadan ibarətdir. Bu binalarda qaçqın və məcburi köçkün ailələri məskunlaşıb. Hazırda binalarda 100-dən çox ailə yaşayır.

Yataqxana kompleksi tamamilə aşınıb. Binaların vəziyyəti hər hansı yaşayış standartlarına cavab vermir. Su, elektrik və qaz xətləri, habelə kanalizasiya sistemi məcburi köçkünlər tərəfindən öz məişətlərinə uyğun dəyişdirilib. Yataqxana kompleksindəki ərazidə vaxtilə mövcud olmuş idman, sağlamlıq və ictimai iaşə obyektləri, habelə ətraf yollar və yaşıllıqlar tamamilə yarasız hala düşüb.

Qaçqın və məcburi köçkünlərin köçürülmə prosesi tam yekunlaşdıqdan sonra yataqxana əsaslı şəkildə təmir olunacaq və tələbələrin istifadəsinə veriləcək.

Azərbaycan Dillər Universitetinin (ADU) mətbuat katibi Cavid Zeynallı Trend-ə bildirib ki, universitetin qızlar yataqxanası uzun illərdir fəaliyyət göstərir. Yataqxanada 200-dən artıq tələbə yaşayır. Aylıq ödəniş 20 manatdır.

Azərbaycan İqtisad Universitetinin (UNEC) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Ömərova bildirib ki, universitetin 5 yataqxanası var. Lakin hamısında qaçqın və məcburi köçkün ailələri məskunlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti