...

Həbsxana rəisi gözümü bıçaqla çıxarıb atdı yerə - Şuşada əsir saxlanılmış Cavid Hüseynov

Cəmiyyət Materials 15 Avqust 2023 16:54 (UTC +04:00)
Həbsxana rəisi gözümü bıçaqla çıxarıb atdı yerə - Şuşada əsir saxlanılmış Cavid Hüseynov
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Şuşa. Trend:

Mən Birinci Qarabağ müharibəsində 1 il 8 ay əsirlik həyatı yaşamışam. Onun 8 ayını Xankəndidə yerləşən 366-cı alayın ərazisi olan yerdə qalmışam. Ondan sonra Şuşa həbsxanasına gətirilmişəm.

Bunu Trend-ə açıqlamasında Şuşa həbsxanasında əsirlik həyatı yaşamış Cavid Hüseynov deyib.

"Biz Şuşa həbsxanasında misilsiz işgəncələrlə rastlaşmışıq. Dünya üzrə görünməyən işgəncələr belə edilib. 95-ci ilin mart ayının 21-i mənim gözümü çıxarıblar. Gecə ilə bizi çıxardılar, düzdülər kameralara. Hamımızı döydülər, mənim əllərimi bağladılar, "dubinka" ilə döyəndən sonra başımı dik qaldırdılar. Soruşdular ki, Qarabağ bizimdir, yoxsa sizin? Dedim, bizimdir.

Dəyənəklə vurub gözümü çıxardılar. Səhəri gün gördülər, gözüm çirk edib, pis vəziyyətdəyəm. Məni gətirdilər həbsxananın rəisinin yanına. O da baxdı ki gözüm pis vəziyyətdədir, cibindən bıçağı çıxardı, gözümü yerindən çıxarıb atdı yerə. Mənə dedi ki, soruşsalar, deyərsən ki, meşədə yıxılmısan, odun batıb", - o qeyd edib.

"Şuşa İcra Hakimiyətinin qabağında "naçalnik həbsxanası" olub. Orada hovuz vardı. Bir dəfə yanvar ayında bizi hovuzu təmizləməyə apardılar. Həmid də mənimlə bir yerdə idi. İkimizi də vəhşicəsinə döydülər. Mənim başıma 20-lik dəmir boru ilə vururdular. Boru don atmışdı, başımda sındı. Məni qarın altında basdırdılar. 8 saat qarın altında qalmışam. Uşaqlar məni götürmək istəyəndə deyiblər, ölüb, atın getsin. Sora məni götürüb gəliblər. Yoldaşlar deyir ki, qaynamış suyu töküblər üstümə, hiss etməmişəm", - C.Hüseynov bildirib.

Qeyd edək ki, avqustun 1-15-dək aparılan qazıntı işləri nəticəsində Şuşa həbsxanası ərazisində 17 şəxsə aid ehtimal edilən insan qalıqları aşkarlanıb.

Xatırladaq ki, bundan əvvəl iyun ayında Şuşa şəhərində Şuşa həbsxanasının ərazisində kütləvi məzarlıq aşkar edilib.

İndiyədək isə kütləvi məzarlıqlar Ağdam rayonunun işğaldan azad olunan Sarıcalı kəndi ərazisində, Şuşa rayonun Daşaltı kəndində, Xocavənd rayonunun Edilli kəndində, Xocalı rayonunun Fərrux kəndində, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndində, Kəlbəcərdə, Ağdamda və digər yaşayış məntəqələrində aşkarlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti