...

Tələbələrin yataqxana problemi necə həll edilməlidir? - AÇIQLAMA

Cəmiyyət Materials 24 Avqust 2023 13:33 (UTC +04:00)
Tələbələrin yataqxana problemi necə həll edilməlidir? - AÇIQLAMA
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Universitetlərimizdə yataqxanaların olmaması və ya çatışmaması tələbələr üçün böyük problemlərdən biridir.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Musa Qasımlı bildirib.

Onun sözlərinə görə, yataqxana ilə təmin olunmağın bir çox tərəfləri var.

"Rayonlardan təhsil almağa gələn tələbələrin bir qisminin kirayə ev tutub yaşamaq imkanları yoxdur. Bu yük valideynlərin üzərinə düşür. Ona görə də bəzən tələbələr yaxşı təhsil almaq yerinə, vəziyyətdən çıxmaqdan ötrü işləməyə üstünlük verirlər.

Yataqxana probleminin olması ölkəmizə xaricdən gəlib təhsil alanlar üçün problem yaradır. Müasir universitetləri yataqxanasız təsəvvür etmək olmur. Xaricdən gələn tələbələr yataqxana olmadığından ölkəmizə üz tutmurlar.

Beləliklə, ali məktəblərimiz xarici ölkələr üçün mütəxəssis hazırlayan mərkəzlərə çevrilə bilmir. Əgər mərkəzə çevrilərsə, onun çox böyük siyasi və ictimai əhəmiyyəti olar. Azərbaycanda diplom almış şəxslər ölkəmizin təbliğatçısına çevriləcəklər. Yataxanaların az olması və çatışmamasının nəticələrindən biri universitetlərimizin beynəlxalq reytinqlərə daxil ola bilməməsinə gətirib çıxarır".

M.Qasımlı qeyd edib ki, universitetlərimizin özlərinin yataqxana tikmək imkanları çox məhduddur.

"Ona görə də universitetlər iş adamları ilə, şirkətlərlə bu məsələləri həll edə bilərlər. Bu, beynəlxalq təcrübədə də var. Bəlli şirkətlər yataqxanaları tikirlər, müəyyən ödənişlərlə tələbələr orada qalır və bir müddətdən sonra onları universitetlərin balansına keçirirlər", - deyə deputat qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti