...

Qubada 2-ci Qazaxıstan-Azərbaycan Turizm Forumu keçirilib (FOTO)

Cəmiyyət Materials 11 Sentyabr 2025 12:30 (UTC +04:00)
Qubada 2-ci Qazaxıstan-Azərbaycan Turizm Forumu keçirilib (FOTO)
Nursultan Ziyadov
Nursultan Ziyadov
Bütün xəbərlər

Bakı. Trend:

7-9 sentyabr tarixlərində Azərbaycanın Quba şəhərində İkinci Qazaxıstan-Azərbaycan Turizm Forumu keçirilib.

Bu barədə Trend-ə Qazaxıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Üçgünlük tədbirdə Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel, Milli Məclisin Quba şəhərindən olan deputatı Əlibaba Məhərrəmzadə, Azərbaycanın Dövlət Turizm Agentliyinin nümayəndələri, ictimai xadimlər və iki ölkənin 56 turizm şirkətinin nümayəndələri iştirak ediblər.

Səfir Alim Bayel açılış nitqində iki qardaş ölkə arasında turizm axınının artmasından məmnunluq ifadə edib. Diplomat qeyd edib ki, Azərbaycana Mərkəzi Asiyadan gələn bütün turistlərin təxminən 50%-i Qazaxıstana aiddir. Qazaxıstan Azərbaycana gələn turistlərin sayına görə Rusiya, Türkiyə, Hindistan, İran və Gürcüstandan sonra 6-cı yerdədir. Azərbaycan qazaxıstanlılar üçün Bakı şəhərinin gözəlliyi, mənzərəli təbiəti, mədəni və dil yaxınlığı, həmçinin müntəzəm birbaşa hava əlaqələrinin mövcudluğu ilə maraqlıdır.

A. Bayel həmçinin Qazaxıstanda Alakol gölünün sahilində Qazaxıstan-Azərbaycan investisiyaları ilə sanator-kurort kompleksinin tikintisinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Müasir kompleksin inşası iki ölkə arasında turizm sahəsində əməkdaşlığın əlamətdar hadisəsi olacaq.

Deputat A. Məhərrəmzadə isə turist axınının yalnız Qazaxıstandan Azərbaycana deyil, əks istiqamətdə də artırılmasının vacibliyini qeyd edib. Parlament üzvü əmindir ki, turizm sahəsi iki xalqı yaxınlaşdırmaq, bir-birinin mədəniyyəti və adət-ənənələrini öyrənmək baxımından mühüm rol oynayır. Azərbaycanın Dövlət Turizm Agentliyinin, Qazaxıstan və Azərbaycanın turizm şirkətlərinin, eləcə də “Air Astana” hava yollarının nümayəndələri öz xidmətlərini, turizm paketlərini, iki ölkənin təbii gözəlliklərini və görməli yerlərini təqdim ediblər.

Tədbir çərçivəsində B2B görüşlər və tanışlıq səfərləri keçirilib, qazaxıstanlı qonaqlara Quba bölgəsinin turizm potensialı nümayiş etdirilib.

Qeyd edək ki, Birinci Turizm Forumu 2024-cü ildə Bakıdakı Qazaxıstan səfirliyində keçirilib və hər iki ölkənin turizm sektoru nümayəndələri tərəfindən böyük maraqla qarşılanıb. İki ölkə arasında turist axını il ərzində əhəmiyyətli dərəcədə artıb. Belə ki, Azərbaycanın Dövlət Turizm Agentliyinin yanvar-iyul 2025 statistik məlumatlarına görə, Azərbaycanı təxminən 59 min qazaxıstanlı turist ziyarət edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 58% çoxdur. Eyni dövrdə Azərbaycandan Qazaxıstana səfər edənlərin sayı isə 48% artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti