Bakı. Trend:
Sərəncamlarında olan avtonəqliyyat vasitələri ilə işçilərinin və ya yüklərinin daşınması məqsədilə öz hesabına daşımaları yerinə yetirən hüquqi şəxslər və fərdi sahibkarlar sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə görə məsuliyyət daşımırlar.
Trend-in məlumatına görə, bu hüquqi mövqe Konstitusiya Məhkəməsinin 24 noyabr 2025-ci il tarixli Qərarında öz əksini tapıb.
Qərarda bildirilib ki, “Avtomobil nəqliyyatı haqqında” Qanuna əsasən, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşmalarını yerinə yetirən daşıyıcılar sərəncamlarında olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərinin reysqabağı tibbi müayinəsini müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada təşkil etməlidirlər.
Qanunda həmçinin aşağıdakı anlayışlar da müəyyənləşdirilib:
- avtomobil nəqliyyatı ilə kommersiya məqsədli daşımalar – sərnişin və ya yük daşınması müqaviləsi yaxud digər qanuni əsaslarla, daşınma haqqı ödənilməklə yerinə yetirilən daşımalar;
- avtomobil nəqliyyatı ilə təsərrüfat ehtiyacları üçün daşımalar – hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən sərəncamlarında olan avtonəqliyyat vasitələri ilə işçilərinin və ya yüklərinin daşınması məqsədilə və öz hesabına yerinə yetirilən daşımalar;
- daşıyıcı – daşınma müqaviləsi və ya digər qanuni əsaslarla haqq müqabilində sərnişin və yük daşımalarını yerinə yetirən, mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan hüquqi şəxs və ya fərdi sahibkar.
Göründüyü kimi, qanunverici daşımanın bu iki növünün (kommersiya məqsədli və təsərrüfat ehtiyacları üçün daşımalar) bir-birindən fərqləndirilməsini zəruri hesab edib, daşıyıcıya isə məhz haqq müqabilində daşımanı yerinə yetirən subyekt kimi anlayış verib.
Qərarda o da göstərilib ki, “Avtomobil nəqliyyatı haqqında” Qanuna əsaslanaraq Nazirlər Kabineti tərəfindən təsdiq edilən Qaydalarda da bu Qaydanın müddəalarının məhz avtomobil nəqliyyatı ilə kommersiya məqsədli daşımalara şamil olunduğu təsbit edilib.
Konstitusiya Məhkəməsi məhz göstərilən qanunvericilik normalarının təhlilinə əsaslanaraq qərar verib ki, sərəncamlarında olan avtonəqliyyat vasitələri ilə işçilərinin və ya yüklərinin daşınması məqsədilə öz hesabına daşımaları yerinə yetirən hüquqi şəxslər və fərdi sahibkarlar avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə görə məsuliyyət daşımırlar.
Qərarda o da göstərilib ki, gələcəkdə “Avtomobil nəqliyyatı haqqında” Qanunla onun məqsəd və funksiyalarından irəli gəldiyi və buna zərurət olduğu təqdirdə, müəyyən qayda və tələblərin şəxsi ehtiyaclar üçün yük və ya sərnişin daşımalarını həyata keçirən sahibkarlıq subyektlərinə tətbiq olunması da nəzərdə tutula bilər. Bu isə yalnız qanunvericiliyə bununla bağlı dəyişikliklərin edilməsi vasitəsilə mümkündür.
Məlumat üçün bildirək ki, qərar noyabrın 24-də qəbul edilib, noyabrın 28-də qüvvəyə minib, dekabrın 1-də Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib.
