Bakı. Trend:
Daşınmaz mədəni irsimiz dedikdə tarixi abidələrimiz nəzərdə tutulur və tarixi abidələrimiz siyahısında xüsusi yeri dini abidələr tutur.
Trend xəbər verir ki, bunu mədəniyyət nazirin müavini Fərid Cəfərov Azərbaycan Din Xadimlərinin II Forumu çərçivəsində baş tutan “Multikultural dəyərlər sistemi: dövlət-din münasibətlərinin hüquqi və mədəni aspektləri” mövzusunda paneldə çıxışı zamanı deyib.
Nazir müavini bildirib ki, burada məscidlər, kilsələr, sinoqoqlar və digər dini abidələr nəzərdə tutulur:
“Bu gün dini abidələr dövlət tərəfindən həm qorunur, həm bərpa olunur, həm də hər bir vətəndaşın ziyarəti üçün hər cür şərait yaradılır”.
F.Cəfərov vurğulayıb ki, dinimizin mədəniyyətimizə təsiri qeyri-maddi mədəni irs nümunələrində daha aydın görülür.
“Bütün irs məsələlərində əsas yeri qeyri-maddi mədəni irs nümunələri tutur. Bütün dinlərin əlamət və ənənələrini əks etdirən bu irs nümunələrimiz dövlət tərəfindən qorunub saxlanılır”,- deyə o fikrini yekunlaşdırıb.
