Bakı. Trend:
Prezident İlham Əliyevin ötən il imzaladığı müvafiq sərəncama əsasən, ölkəmizdə xarici istehsalçılar tərəfindən çəkilən filmlərin istehsal xərclərinin qismən qaytarılması mexanizmi artıq tətbiq olunmağa başlayıb.
Trend xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov Milli Məclisin bugünkü plenar iclasında “Kinematoqrafiya haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir müavini bildirib ki, bu mexanizm iqtisadi və sosial baxımdan, xüsusilə beynəlxalq platformalarda nümayiş olunan filmlərin Azərbaycanda istehsalının təşviqində mühüm rol oynayacaq. Sözügedən müddəa qanun layihəsində də öz əksini tapıb.
“Kino Agentliyi tərəfindən son illərdə tariximizə və mədəniyyətimizə səyahət layihəsi çərçivəsində bir sıra layihələr həyata keçirilib, müxtəlif tarixi filmlər ərsəyə gətirilib. Hazırda isə Azərbaycan dövlətçiliyinin müxtəlif dövrlərini əhatə edən filmlərin çəkilişi davam etdirilir və bu istiqamət xüsusi diqqət mərkəzində saxlanılır”, - deyə o qeyd edib.
