Valideyn övladı ilə məşğul olmalıdır - Nazir müavini

Cəmiyyət Materials 8 İyun 2026 12:32 (UTC +04:00)
Valideyn övladı ilə məşğul olmalıdır - Nazir müavini
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Sosial şəbəkələrin uşaqların sağlamlığı üçün müəyyən risklər yaratdığı müxtəlif araşdırmalarla təsdiqlənib. Səhiyyə Nazirliyi olaraq biz bu məsələni aparıcı mütəxəssislərlə, pediatrlarla, psixiatrlarla və digər ekspertlərlə müzakirə etmişik. Burada Səhiyyə Nazirliyinin mövqeyini deyil, daha çox mütəxəssislərin rəyinə əsaslanan həkim mövqeyini səsləndirmək istəyirəm.

Trend xəbər verir ki, bunu səhiyyə nazirinin müavini İlqar Qasımov Milli Məclisin üç komitəsinin bugünkü birgə iclasında deyib.

Onun sözlərinə görə, "zərərlidirmi və qadağa lazımdırmı" sualına cavab tapmaq lazımdır.

"Aparılan tədqiqatlar müəyyən problemlərin mövcud olduğunu göstərir. Burada əsas məsələ uşaqların real həyatdan uzaqlaşmasıdır. Biz bilirik ki, əvvəlki nəsillər daha çox real sosial münasibətlər içərisində formalaşıb. Sosial şəbəkələr isə insan beynində mükafatlandırma mexanizmlərini işə salır, dopamin ifrazını artırır və nəticədə asılılıq yarada bilir. Bu, həqiqətən də ciddi problemdir və onun sadə həlli yoxdur.

Mütəxəssislərin ümumi fikri ondan ibarətdir ki, yaş məhdudiyyətlərinin tətbiqi, valideyn nəzarətinin gücləndirilməsi və istifadə vaxtının tənzimlənməsi vacibdir. Müxtəlif proqramlar vasitəsilə bu nəzarətin həyata keçirilməsi mümkündür.

Eyni zamanda nəzərə almaq lazımdır ki, 16 yaşdan sonra uşaqlar daha sərbəst şəkildə rəqəmsal mühitdən istifadə etməyə başlayırlar. Bundan başqa, xüsusi həssas qruplar da mövcuddur. Məsələn, autizm spektrində olan və ya sosial baxımdan daha qapalı uşaqlar üçün sosial şəbəkələr müəyyən hallarda ünsiyyət vasitəsinə çevrilə bilir. Ona görə də bu məsələlərə fərdi yanaşmaq lazımdır.

Sonda qeyd etmək istəyirəm ki, müəyyən məhdudiyyətlərin tətbiqi vacibdir və bəlkə də dünya miqyasında bu addımlar bir qədər gec atılıb. Lakin uşaqların vəziyyətini qiymətləndirərkən ilk növbədə ailənin və valideynlərin rolunu nəzərə almaq lazımdır.

Bir daha vurğulamaq istəyirəm ki, autizmli və digər həssas qruplara aid uşaqlar xüsusi diqqət tələb edir. Əgər müəyyən qadağalar tətbiq olunursa, onların alternativləri də təqdim edilməlidir. Bu, idman fəaliyyətləri, məktəbdənkənar məşğələlər və ya digər sosial fəaliyyətlər ola bilər.

Dövlət öz üzərinə düşən vəzifələri yerinə yetirməlidir, lakin bütün məsuliyyəti dövlətin üzərinə qoymaq da doğru olmaz. Uşağın inkişafında əsas rol valideynə məxsusdur. Valideyn övladı ilə məşğul olmalı, ona nümunə göstərməli və düzgün istiqamətləndirməlidir", - nazir müavini qeyd edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti