...

BMT nümayəndəsi ilə Azərbaycanda uşaq hüquqlarının qorunması müzakirə edilib

Cəmiyyət Materials 17 Aprel 2006 16:58 (UTC +04:00)

Azərbaycanın ədliyyə nazirinin müavini Toğrul Musayevlə Bakıda səfərdə olan BMT Uşaq Hüquqları üzrə Komitəsinin sədri Yakob Eqbert Doek arasında Azərbaycanda uşaq hüquqlarının vəziyyətinə dair fikir mübadiləsi aparılıb. Trend in xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Toğrul Musayev bildirib ki, Azərbaycan komitənin bu ilin yanvar ayında keçirilmiş 41-ci sessiyasında uşaq hüquqlarının qorunması ilə bağlı öz üzərinə bir sıra öhdəliklər götürüb. Hazırda həmin öhdəliklər yüksək səviyyədə həyata keçirilir.

Qonağa Azərbaycanda yuvenal ədliyyənin təşəkkülü və inkişafı, yetkinlik yaşına çatmayanların cinayət məsuliyyətinə cəlb olunması, onlar barədə ibtidai istintaqın aparılmasının, məhkəmə baxışının, cəzanın təyin edilməsi və icrasının xüsusiyyətləri barədə ətraflı məlumat verilib.

T.Musayev söyləyib ki, yetkinlik yaşına çatmayanlara münasibətdə humanist prinsiplər məhkəmələr tərəfindən tətbiq olunur. O, həmçinin Azərbaycanda ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına yönəldilmiş tədbirlərdən də danışıb.

Azərbaycanda uşaq hüquqlarının qorunması ilə bağlı ciddi irəliləyişləri yüksək qiymətləndirən Y.Doek isə öz növbəsində qeyd edib ki, burada yuvenal ədliyyənin formalaşması üçün xeyli səmərəli tədbirlər həyata keçirilib. O, Ədliyyə Nazirliyinin beynəlxalq qurumlar və yerli qeyri-hökumət təşkilatları ilə əməkdaşlığının əhəmiyyəti xüsusi razılıqla vurğulayıb. Ədliyyə sahəsində aparılan islahatların uşaq hüquqlarının daha etibarlı təmin edilməsinə də müsbət təsir göstərəcəyinə ümidvar olduğunu bildirib.

Qeyd edək ki, qonaq Azərbaycana səfəri çərçivəsində yetkinlik yaşına çatmayan məhkumların saxlanıldığı tərbiyə müəssisəsinə və qadınlar üçün cəzaçəkmə müəssisəsinə də baş çəkib.

Xəbər lenti

Xəbər lenti