...

"Barmek"in işi üzrə məhkəmə prosesi başlayıb

Cəmiyyət Materials 30 Aprel 2007 14:47 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva / Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Sədrəddin Hacıyevin rəhbərliyi ilə bu gün "Barmek" MMC-nin prezidenti Hüseyn Arabulun və digərlərinin işi üzrə məhkəmə prosesi başlayıb. Bazar ertəsi məhkəmədən verilən məlumata görə, cəmiyyətin sabiq baş meneceri Çingiz İbadovun ağır xəstə olduğu üçün prosesdə iştirak edə bilməməsi barədə Müalicə Müəssisəsindən məhkəməyə arayış daxil olub. Məhkəmə prosesin onun iştirakı olmadan davam etdirilib-etdirilməməsi barədə məsələni müzakirə edib. Müşavirədən sonra İbadov haqqında çıxarılan həbs-qəti-imkan tədbirinin dəyişdirilməməsi, onun barəsindəki cinayət işinin ayrı icraata verilməsi, onun müalicəsi başa çatanadək məhkəmə prosesinin dayandırılması haqqında qərar verilib. İttiham edilənlər və vəkillər məhkəmənin qərarına etiraz edərək apellyasiya şikayəti verəcəklərini bildiriblər. Hakim Hacıyev hazırkı şəraitdə onların qərardan apellyasiya şikayəti vermək hüquqlarının olmadığını vurğulayıb.

Proses mayın 1-də davam etdiriləcək.

İbadov sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin işi üzrə də təqsirləndirilən şəxs qismində tanınır.

Şirkətin prezidenti Arabula qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub və barəsində başqa yerə getməmək haqqında iltizam qəti-imkan tədbiri seçilib.

"Barmek"in əməkdaşları, vitse-prezident Ömər Günər İsmayıl, texniki departamentin direktoru Vəfa Ağayev, texniki əməliyyat departamentinin direktor əvəzi Mahir Novruzov, sabiq baş menecer Çingiz İbadov və maliyyə departamentinin rəisi Valeh Zeynalov, yüksək gərginlikli elektrik şəbəkələrinin istismarı idarəsinin rəisi Çingiz Abdullayev, rele mühafizə xidmətinin rəisi Əsgər Əsgərzadə CM-nin 179.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilərək barələrində həbs və digər qəti-imkan tədbirləri seçilib.

Xəbər lenti

Xəbər lenti