...

Runinin zərbəsi 9 yaşlı uşağın biləyini qırdı

İdman Materials 24 Mart 2012 12:01 (UTC +04:00)
İngiltərənin "Mançester Yunayted" klubunun hücumçusu Ueyn Runi ilk dəfə matça gələn 9 yaşlı azarkeşin biləyini qırıb.
Runinin zərbəsi 9 yaşlı uşağın biləyini qırdı

Azərbaycan, Bakı, 24 mart /Trend, müxbir M.Salmanov/

İngiltərənin "Mançester Yunayted" klubunun hücumçusu Ueyn Runi ilk dəfə matça gələn 9 yaşlı azarkeşin biləyini qırıb. Bu barədə şənbə günü Trend Türkiyə KİV-ə istinadən məlumat verir.

Məlumata əsasən, ölkə çempionatı çərçivəsində "Vulverhempton" ilə qarşılaşmadan öncə Runi isinmək üçün zərbələr endirərkən toplardan biri tribunada ən qabaqda oturan Cemi Tomasa tuş gəlib.

Azarkeşi olduğu komandasını ilk dəfə tribunadan izləyən Cemi topdan üzünü qorumaq üçün əllərini qaldıranda biləyi qırılıb. Runi hadisədən xəbərsiz matça çıxdığı halda, Cemi ikinci hissəyə qədər stadionda qalaraq 45 dəqiqə oyunu izləyib.

Fasilədə xəstəxanaya yerləşdirilən Cemi deyib ki, hər şey ani olaraq baş verib.

"Sanki qoluma raket dəydi. Qolumun və biləyimin yaxşı olduğunu fikirləşirdim. Ancaq sonra ağrı hiss etməyə başladım. Runinin biləyimi qırması əladır", - 9 yaşlı uşaq bildirib.

Hadisədən sonra xəbər tutan Runi azarkeşdən üzr istəyərək imzalı formasını uşağa göndərib.

Xəbər lenti

Xəbər lenti