...

Bakıda keçirilən idman dırmanması üzrə Dünya Kuboku yarışı sona çatıb (FOTO)

İdman Materials 5 May 2014 11:53 (UTC +04:00)
Mayın 3-4-də Bakıda Dövlət Bayrağı Meydanında keçirilən idman dırmanması üzrə Dünya Kuboku yarışı sona çatıb.
Bakıda keçirilən idman dırmanması üzrə Dünya Kuboku yarışı sona çatıb (FOTO)

Azərbaycan, Bakı, 5 may /Trend/

Mayın 3-4-də Bakıda Dövlət Bayrağı Meydanında keçirilən idman dırmanması üzrə Dünya Kuboku yarışı sona çatıb.

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yarış 3 mayda kişi və qadın atletlərin sürət və boulderinq üzrə təsnifat yarışları, 4 mayda isə yarımfinal və final mərhələləri ilə davam edib.

Dünyanın 22 ölkəsindən 150 idmançının iştirak etdiyi Dünya Kubokunun final mərhələsində idmançılar qarşılarına qoyduğu məqsədə müvəffəq olmaq üçün qızğın mübarizə aparıb. Olduqca maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən yarışların sonunda qaliblər müəyyən olunub.

I, II və III yerləri tutan qaliblərə Beynəlxalq İdman Dırmanması Federasiyası (IFSC) tərəfindən medallar, FAİREX tərəfindən isə pul mükafatı və qiymətli hədiyyələr təqdim olunub.

IFSC rəsmisi Qremi Alderson yarış iştirakçılarını təbrik edib və yarışın yüksək səviyyədə təşkilində əməyi olan hər kəsə dərin təşəkkürünü bildirib.

FAİREX-in I vitse-prezidenti Firdovsi Əliyev isə Azərbaycan dövlətinin, o cümlədən dövlət başçısınin idmana göstərdiyi xüsusi diqqət və qayğının nəticəsində ölkəmizin idman şöhrətinin dünyada daim yüksəldiyini bildirib, idmançılara uğurlar diləyib.

Dünya kuboku yarışlarının bağlanış mərasimi sonra bədii hissə ilə davam edib.

İdman Dırmanması üzrə Dünya Kuboku yarışlarının nəticələri

Kişi atletlərin sürət üzrə final mərhələsinin nəticələri:
1. Danylo Boldyrev (Ukrayna)
2. Yevgeniy Vaitcekhovsk (Rusiya)
3. Qixn Zhong (Çin)

Qadın atletlərin sürət üzrə final mərhələsinin nəticələri:
1. Mariya Krasavina (Rusiya)
2. Yuliya Kaplina (Rusiya)
3. Anouck Jaubert (Fransa)

Kişi atletlərin boulderinq üzrə final mərhələsinin nəticələri:
1. Dmitriy Sharafutdinov (Rusiya)
2. Jan Hojer (Almaniya)
3. Rüstəm Gelmanov (Rusiya)

Qadın atletlərin boulderinq üzrə final mərhələsinin nəticələri:
1. Anna Stöhr (Avstriya)
2. Akiyo Noguchi (Yaponiya)
3. Shauna Coxsey (İngiltərə)

Xatırladaq ki, Bakıda ikinci dəfə keçirilən idman dırmanması üzrə Dünya Kuboku yarışı FAİREX və İFSC-nin birgə təşkilatçılığı ilə baş tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti