...

Qadın güləşçilərimiz Dünya Kubokunda 5-ci yer uğrunda güləşəcək

İdman Materials 7 Mart 2015 23:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 mart /Trend/

Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində qadın güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışları keçirilir. Güləş Federasiyasından Trend-ə bildiriblər ki, yarışda Azərbaycanla yanaşı, Yaponiya, Polşa, ABŞ, Rusiya, Ukrayna, Monqolustan və İsveç güləşçiləri iştirak edir.

Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri Yaponiya, Polşa və ABŞ komandaları ilə A qrupunda mübarizə aparıb. B qrupunda isə, Rusiya, Ukrayna, Monqolustan və İsveç komandaları qüvvələrini sınayıb.

Qrupun ilk görüşündə ABŞ komandası ilə 4:4 hesablı bərabərlik qeydə alınsa da, texniki göstəricilərə görə rəqibdən geri qalan yığmamı görüşü məğlub başa vurub. Qadın güləşçilərimiz ikinci görüşdə Polşa güləşçilərini 5:3 hesabı ilə məğlub edib.

Qrupun son görüşünü güclü Yaponiya yığmasına qarşı keçirən komandamız 5:3 hesablı məğlubiyyətlə barışmalı olub. Bu görüşlərin nəticəsinə əsasən komandamız mübarizə apardığı A qrupunu 3-cü yerdə tamamlayıb.

Qrup mərhələsində yığma komandamızın üzvlərindən ən yaxşı göstərici Mariya Stadnikə məxsusdur. Komandamızın kapitanı keçirdiyi hər 3 görüşü qələbə ilə başa vurub. Yuliya Ratkeviç və İrina Netreba isə, 3 görüşdən 2-sində qələbə qazanıb.

Beləliklə, qrup görüşlərinin nəticələrinə əsasən, yığma komandamız digər qrupu 3-cü yerdə tamamlamış Ukrayna güləşçiləri ilə 5-ci yer uğrunda qarşılaşacaq. Yaponiya və Rusiya güləşçiləri finalda, ABŞ və Monqolustan güləşçiləri isə bürünc meallar uğrunda yarışacaq. Polşa və İsveç komandaları isə, 7-ci yer uğrunda qarşılaşacaq.

Xəbər lenti

Xəbər lenti