...

Anna Başta “Satellite” turnirində gümüş medal qazandı (FOTO)

İdman Materials 22 Sentyabr 2019 19:17 (UTC +04:00)
Bolqarıstanın Plovdiv şəhərində keçirilən sablya üzrə “Satellite” turnirinə yekun vurulub
Anna Başta “Satellite” turnirində gümüş medal qazandı (FOTO)

Bakı. Trend:

Bolqarıstanın Plovdiv şəhərində keçirilən sablya üzrə “Satellite” turnirinə yekun vurulub.

Azərbaycan Qılıncoynatma Federasiyasından Trend-ə verilən məlumata görə, qadın sablyaçıların şəxsi yarışında Anna Başta gümüş medal qazanıb. Qrup mərhələsində keçirdiyi 6 görüşü qalib başa vuran Anna, uğurlu çıxışın davamını pley-off mərhələsində də gətirib. Sablyaçımız 1/16 finalda Bolqarıstan idmançısı Kalina Atanasovanı 15:8 hesabı ilə məğlub edib.Başta 1/8 finalda türkiyəli rəqibi Nisanur Erbil üzərində 15:6 hesablı qələbə qazanıb.Baştanın 1/4 finalda rəqibi Hindistan təmsilçisi Çadalavada Anandha olub.Gərgin keçən qarşılaşma qılıncoynadanımızın 15:13 hesablı qələbəsi ilə başa çatıb.Anna yarımfinalda bolqarıstanlı idmançı Yoana İliyevadan üstün olub (15:12).Həlledici final görüşündə Gürcüstan sablyaçısı Lika Jijieşviliyə 12:15 hesabı ilə uduzan Anna Başta turniri ikinci sırada başa vurub.

Qrup mərhələsində 6 qələbə qazanan Valeriya Bolşakova isə turnirin 1/4 final mərhələsinə kimi irəliləməyi bacarıb. Valeriya ən güclü səkkizliyə yüksəlmək üçün türkiyəli rəqibləri Yasəmin Yeltekin (15:6) və Aylin Cakıra (15:4) qalib gəlib.Bolşakova 1/4 finalda yarımfinalda Anna Baştanın üstələdiyi bolqarıstanlı Yoana İliyevaya 6:15 hesabı ilə məğlub olub.Digər qadın sablyaçılarımızdan Sevil Bünyatova və Səbinə Kərimova mübarizəni 1/8 finalda dayandırıb.Qrup mərhələsini 4 qalibiyyətlə başa vuran Sevil Bünyatova 1/16 finalda sinqapurlu Cessika Şu Huiyə (15:7) qalib gəlsə də, növbəti görüşündə argentinalı Maurise Perezə uduzub (10:15). Qrupu 5 qələbə ilə başa vuran Səbinə Kərimova isə 1/16-də Belaslava İvanovaya (Bolqarıstan) 15:10 hesabı ilə qalib gəlsə də,növbəti mərhələdə türkiyəli Selin Deniz Unludağa məğlub olub (10:15).Qadın sablyaçılarımızdan Aysel Əhədova da qrup səddini adlamağı bacarsa da, 1/16 finalda turnirin qalibi Lika Jijieşviliyə (Gürcüstan) 9:15 hesabı ilə uduzub.

Kişi sablyaçıların şəxsi yarışında Cavanşir Ağakişiyev qrupda 4 qələbə qazanmaqla pley-offa yüksəlib. 1/16 finalda küveytli Bandar Alşamlanı 15:14 hesabı ilə məğlub edən Cavanşir,1/8-də bolqarıstanlı İvan Mandova uduzub (10:15).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti