Bakı. Trend:
Türkiyədə daha bir hakimə qarşı zorakılıq edilib.
Trend xəbər verir ki, hadisə Türkiyənin Birinci Həvəskar Liqasında "Kumçatıspor" - "Cizre Diclespor" oyunundan sonra olub.
Ev sahibi komandanın futbolçuları əvvəlcə görüşün hakimi Zinar Ermişi və köməkçiləri Veysel Samsak ilə Mustafa Ekini döyüblər. Onlar daha sonra "Cizre Diclespor"un futbolçularına hücum ediblər.
Hadisə nəticəsində Veysel Samsakın burnu sınıb. Hadisəyə polislər müdaxilə ediblər. Xəstəxanaya yerləşdirilən Veysel Samsak "Kumçatıspor"un futbolçularından polisə şikayət edib.
Həmçinin "Kumçatıspor"un fanatları "Cizre Diclespor"un avtobusuna da hücum ediblər. Nəticədə avtobusa zərər dəyib. Hadisə ilə bağlı araşdırma başladılıb.
Qeyd edək ki, daha əvvəl Türkiyə Superliqasında mübarizə aparan “Ankaragücü”nün prezidenti Faruk Koca “Rizespor”a qarşı keçirdikləri matçdakı idarəçilikdən narazı qalaraq final fitindən sonra baş hakim Halil Umut Meleri yumruqla vurub. Daha sonra F.Koca həbs olunub. Həmçinin, o, Türkiyə Futbol Federasiyası tərəfindən futboldan ömürlük uzaqlaşdırılıb. "Ankaragücü" isə 2 milyon türk lirəsi məbləğində cərimələnib. Bundan başqa, komandanın növbəti 5 ev oyunu azarkeşlər və klub rəsmiləri olmadan keçiriləcək.