...

Daşınmaz əmlakın qeydiyyatı 15%-ə yaxın artıb

İqtisadiyyat Materials 16 Noyabr 2017 13:16 (UTC +04:00)
Daşınmaz əmlakın qeydiyyatı ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə cari ildə 15%-ə yaxın artıb.
Daşınmaz əmlakın qeydiyyatı 15%-ə yaxın artıb

Bakı. Trend:

Daşınmaz əmlakın qeydiyyatı ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə cari ildə 15%-ə yaxın artıb.

Bu barədə Trend-ə Əmlak Məsələlər Dövlət Komitəsindən məlumat verilib.

Bildirilir ki, statistik məlumatlara əsasən, 2017-ci ilin yanvar-oktyabr ayları ərzində daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı 161442 olub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 14.4% artım deməkdir. Bu göstəricinin 48083-ü (29.8%) ilkin, 113359-u (70.2%) isə təkrar qeydiyyata aid olub. Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 31156-sı fərdi yaşayış və bağ evi, 41889-u mənzil, 81652-si torpaq sahəsi, 2980-i qeyri-yaşayış binası, 2869-u qeyri-yaşayış sahəsi, 628-i əmlak kompleksi, 118-i çoxmərtəbəli yaşayış binası, 150-si isə çoxillik əkmələr təşkil edib.

İlkin qeydiyyatın 37.1%-i Bakı şəhərinin, 62.9%-i isə regionların payına düşür. Qeyd edilməlidir ki, ilkin qeydiyyat ötən ilin eyni dövri ilə müqayisədə 19.3% faiz artıb. Bundan başqa, 2017-ci ilin yanvar-oktyabr ayları ərzində ölkə üzrə 11275 mənzil özəlləşdirilib. Ötən ilin eyni dövrü ilə müqayisədə özəlləşdirilmiş mənzillərin sayı 30.7%-ə yaxın artıb. Ümumilikdə isə özəlləşdirmə başlayandan bu günədək ölkə üzrə 539000-dən çox mənzil özəlləşdirilib.

İlkin qeydiyyatın artması bu sahədə yaradılan rahat şəraitin, operativliyin nəticəsidir. Eyni zamanda, əldə olunan yüksək göstərici vətəndaşların daşınmaz əmlak bazarında leqal əmlaklara üstünlük verməsinin bariz nümunəsidir. Bundan başqa, təkrar qeydiyyatda da əldə olunan yüksək göstərici ölkədə iqtisadi və hüquqi əməliyyatların artması deməkdir. Belə ki bu, alqı-satqı, ipoteka kimi əməliyyatların artmasından xəbər verir. Təkrar qeydiyyatın artması daşınmaz əmlak bazarının canlanmasına, inkişafına imkan verir.

2017-ci ilin yanvar-oktyabr ayları ərzində daşınmaz əmlakın texniki inventarlaşdırılması və texniki pasport tərtib edilməsi ötən ilin eyni dövrü ilə müqayisədə 17.9% artaraq 117.9% təşkil edib. Cari ilin 10 ayı ərzində hüquqi və fiziki şəxslərə 127226 məhdudiyyət arayışı verilib. Məhdudlaşdırmaya (yüklülüyə) dair dövlət reyestrindən arayışların verilməsində, ötən ilin eyni dövrünün statistikası ilə müqayisəsi zamanı 20.9% faiz artımın olduğu müşahidə edilib. Cari ildə 31049 ipoteka müqaviləsi bağlanıb. Bunlardan 5778-i torpaq sahəsi, 14516-sı mənzil, 7313-ü fərdi yaşayış və bağ evləri, 3442-si isə digərinə aid olub. Bu ilin oktyabr ayının sonunadək 2804 yüklülük (icarə, istifadə) dövlət qeydiyyatına alınıb. Bundan başqa əhaliyə xidmətlə bağlı 43126 digər müxtəlif məzmunlu arayışlar verilib.

Komitə daşınmaz əmlakın qeydiyyatı sahəsində əlçatanlığın, optimallığın artırılması, bu sahədə yeniliklərin tətbiqi istiqamətində də işlərini davam etdirib. Cari ildə Komitə bu sahədə “Çoxmərtəbəli yaşayış binasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış mənzillərin mövcudluğu barədə məlumatların verilməsi” və “Mənzillərin alqı-satqı müqavilələri üzrə satış qiymətləri barədə məlumatların verilməsi” elektron xidmətlərini istifadəyə verib. Bundan başqa “Əmlakın qeydiyyatı kalkulyatoru”, “Elektron çıxarış sistemi” də vətəndaşlara xidmət göstərir.

Daşınmaz əmlakın qeydiyyatı sahəsində sosial layihələrdən biri “Kütləvi çıxarış” kampaniyasıdır. Cari ildə kampaniyanın əhatə dairəsi daha da genişlənib. “Kütləvi çıxarış” kampaniyası birbaşa ünvanlarla yanaşı iş yerlərində, o cümlədən vətəndaşların kənd təsərrüfatı ilə məşğul olduğu sahələrdə, əkin yerlərində, ucqar kənd yerlərində təşkil edilib. Keçirilmiş 18 kampaniyanın 4-ü paytaxt rayonlarında, 14-ü isə respublikanın müxtəlif şəhər və rayonlarında baş tutub.

Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı fəaliyyət göstərən mobil ofislər vasitəsilə isə yanvar-oktyabr ayları ərzində vətəndaşlardan 61243 müraciət qəbul olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7.4% faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti