...

Azərbaycanla Gürcüstanın ticarət dövriyyəsi 47% artıb (FOTO)

İqtisadiyyat Materials 22 Dekabr 2017 17:17 (UTC +04:00)
Maliyyə naziri Samir Şərifov Gürcüstanın maliyyə naziri Mamuka Baxtadzenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Azərbaycanla Gürcüstanın ticarət dövriyyəsi 47% artıb (FOTO)

Bakı. Trend:

Maliyyə naziri Samir Şərifov Gürcüstanın maliyyə naziri Mamuka Baxtadzenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, S.Şərifov M.Baxtadzeni maliyyə naziri təyin olunması münasibətilə təbrik edərək yeni vəzifədə ilk rəsmi səfərini Azərbaycana etməsini yüksək qiymətləndirib və bunun iki ölkə arasında mövcud olan yüksəksəviyyəli siyasi və iqtisadi əlaqələrin bariz nümunəsi olduğunu vurğulayıb.

Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi altında hökumət tərəfindən həyata keçirilən iqtisadi islahatlar barədə geniş məlumat verən S.Şərifov bildirib ki, hazırda Azərbaycan yeni iqtisadi modelə keçid mərhələsindədir. Həyata keçirilmiş bir sıra fiskal, monetar və institusional islahat tədbirləri nəticəsində makroiqtisadi göstəricilərdə müsbət meyllər müşahidə olunmaqdadır.

Bəzi statistik rəqəmləri açıqlayan nazir bildirib ki, 2017-ci ilin 11 ayının göstəricilərinə əsasən Azərbaycan və Gürcüstanın ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 47% artaraq 493,2 mln. ABŞ dolları olub. Bundan başqa, cari ilin 9 ayının göstəricilərinə əsasən, Azərbaycan Gürcüstan iqtisadiyyatına qoyulan birbaşa xarici investisiyaların həcminə görə birinci sıradadır.

Ölkəsinin vacib tərəfdaşı və əsas investoru kimi Azərbaycanda aparılan uğurlu islahatları yüksək qiymətləndirən M.Baxtadze Gürcüstanın büdcə-vergi sistemi, qiymətli kağızlar bazarı barədə məlumat verərək iki ölkənin maliyyə qurumları arasında əməkdaşlığın və təcrübə mübadiləsinin vacibliyini qeyd edib.

Görüşdə tranzit imkanları, yeni istismara verilən və Azərbaycan və Gürcüstanın ticarət və investisiya münasibətlərində mühüm yerə malik olan Bakı-Tbilisi-Qars dəmir yolu, “Cənub Qaz Dəhlizi” kimi layihələrin qlobal miqyasda əhəmiyyətindən bəhs olunub, bu tranzit və nəqliyyat xətlərinin iki ölkənin iqtisadi əməkdaşlığı üçün böyük imkanlar yaratdığı vurğulanıb.

Gürcüstanın nümayəndə heyəti Azərbaycan Maliyyə Nazirliyində hazırda tətbiq olunan müasir “bulud” texnologiyaları üzərində qurulmuş büdcə təşkilatlarının resurslarını idarə edən və dövlət müəssisələrinin maliyyə və mühasibatlıq hesabatlarını tərtib edən avtomatlaşdırılmış informasiya sistemi (FARABI) ilə tanış olublar. Bundan əlavə, qeyd olunan sistem ilə inteqrasiya olunmuş və real vaxt rejimində bütün xəzinə və bank əməliyyatlarını həyata keçirən və faktiki xərclərə nəzarəti təmin edən Xəzinədarlığın İdarəedilməsinin İnformasiya Sistemi qonaqlarda böyük maraq yaradıb.

Sonra Mamuka Baxtadze Maliyyə Nazirliyinin muzeyi ilə tanış olub və xatirə kitabına ürək sözlərini yazıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti