...

TANAP kompressor stansiyalarının tikintisinin 98 faizdən çoxu başa çatıb

İqtisadiyyat Materials 13 Mart 2019 07:30 (UTC +04:00)
Trans-Anadolu qaz kəməri (TANAP) layihəsinin birinci mərhələsi çərçivəsində kompressor stansiyalarının tikintisinin 95,25 faizi başa çatıb
TANAP kompressor stansiyalarının tikintisinin 98 faizdən çoxu başa çatıb

Bakı. Ləman Zeynalova - Trend:

Trans-Anadolu qaz kəməri (TANAP) layihəsinin birinci mərhələsi çərçivəsində kompressor stansiyalarının tikintisinin 95,25 faizi başa çatıb.

Bu barədə Trend-ə TANAP-ın kompressor stansiyalarının tikintisi üzrə podratçısı olan Türkiyənin "Tekfen" şirkətindən bildiriblər.

Məlumata görə, TANAP kompressor stansiyalarının tikintisi çərçivəsində ümumi işlərin isə 98,6 faizi başa çatıb:

"Mexaniki işlərin aprelin 30-dək başa çatdırılması planlaşdırılır. Kompressor stansiyalarının oktyabrın 31-dək istifadəyə verilməsi nəzərdə tutulur".

Azərbaycandakı fəaliyyətə gəldikdə isə şirkətdən bildiriblər ki, "Tekfen" hazırda Vergilər Nazirliyi üçün binanın tikintisi ilə məşğuldur.

Qeyd edək ki, TANAP Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan "Cənub Qaz Dəhlizi"nin bir hissəsidir.

İyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirilib.

Uzunluğu 1805 kilometr olan TANAP boru kəmərinin diametri 56 və 48 düym, Mərmərə dənizi boyunca isə 36 düym təşkil edir. Kəmərin dəniz səviyyəsindən maksimal hündürlüyü 2700 metr yüksəklikdə yerləşir. Kəmərdən Türkiyə qazpaylama sisteminə iki qol ayrılıb və onun maksimum illik ötürücülük qabiliyyəti 31 milyard kubmetrdir. Layihənin ilkin mərhələsində illik ötürücülük qabiliyyəti 16 milyard kubmetr qaz təşkil edəcək.

Boru kəməri 2019-cu ilin iyununda Yunanıstan sərhədinə çatacaq. Sınaq işlərindən sonra ilin sonunadək Yunanıstana təbii qaz nəql ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti