Bakı. Trend:
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) balıq və balıq məhsullarının idxalı ilə məşğul olan sahibkarlarla görüş keçirilib.
AQTA-dan Trend-ə verilən məlumata görə, görüşdə Agentliyin sədr müavini Balarəhim Quliyev “Balıqçılıq haqqında” Qanunun 13-cü maddəsinə edilən dəyişikliklərlə bağlı sahibkarları məlumatlandırıb.
Bildirilib ki, həmin maddəyə uyğun olaraq Azərbaycanda minimum keyfiyyət və təhlükəsizlik göstəriciləri texniki normativ hüquqi aktların tələblərinə cavab verən, mənşəyi və keyfiyyəti barədə sənədləri olan və qida təhlükəsizliyi qeydiyyatına alınmış subyektlər tərəfindən istehsal edilmiş balıq məhsulları ticarət dövriyyəsinə daxil edilə bilər. Bu məhsullar “Yeyinti məhsulları haqqında” qanuna uyğun olaraq qablaşdırılmalı və etiketləndirilməlidir.
Diqqətə çatdırılıb ki, ticarət dövriyyəsinə daxil edilmiş balıq məhsullarının satışı kənd təsərrüfatı məhsullarının satışı obyektlərində, o cümlədən müvafiq avadanlıqlarla təchiz edilmiş bazar, yarmarka, mağaza və müvafiq tələblərə uyğun xüsusi ayrılmış yerlərdə həyata keçirilməlidir.